Bakı, TurkicWorld
Türkiyədə əmək müqaviləsi olmadan qeyri-rəsmi olaraq kənd təsərrüfatı sektorunda işləyən qadınların nisbəti 96,5 faiz olduğu halda bu sektorda kişilərin nisbəti 76 faiz təşkil edib.
TurkicWorld xəbər verir ki, bu barədə Beynəlxalq Əmək Təşkilatı (BƏT) məlumat yayıb.
Qeyd edək ki, qeyri-rəsmi işləmək deyərkən əmək müqaviləsi olmadan, hüquqi müdafiəsiz və ya sosial təminatsız iş nəzərdə tutulur.
BƏT-in yayımladığı məlumatlara görə Türkiyədə qadınlar kişilərdən daha çox qeyri-rəsmi şəkildə işləyir.
Ümumilikdə qeyri-rəsmi şəkildə işləyən qadınların nisbəti 34,4 faiz olduğu halda, kişilərin ümumi qeyri-rəsmi şəkildə işləmə nisbəti 23,8 % olaraq qeydə alınıb.
BƏT-in məlumat toplusuna görə, Türkiyədə 27,3 faiz qeydiyyatsız məşğulluq var.
Türkiyədə kənd təsərrüfatı məşğulluğunda 84,5% olaraq hesablanan qeyri-rəsmi iş nisbəti digər sektorlarda 17,3% olaraq qeyd edilib.
Türkiyənin 2022-ci ildə 28 % olan qeyri-rəsmi iş nisbətinin son bir ildə 0,7% azaldığı görülür.
Sosial Müdafiə Qurumunun (SGK) 2004-cü il məlumatlarına baxdıqda, Türkiyədə qeyri-rəsmi məşğulluq nisbətinin son 20 ildə 50,14%-dən təxminən 45%-ə düşdüyü hesablanır.
Bu məlumatlara nəzər saldıqda görürük ki, Türkiyədə 2004-cü ildə kənd təsərrüfatında 89,9 faiz, kənd təsərrüfatından kənar sektorlarda 33,8 faiz, sənayedə 37,2 faiz, xidmət sektorunda isə 31,9 faiz qeyri-rəsmi məşğulluq olub.
Bəs Avropada rəqəmlər necədir?
BƏT-in 2023-cü il məlumatlarına görə, qlobal işçi qüvvəsinin 58 faizi qeyri-rəsmi məşğulluğun payına düşür. Qeyri-kənd təsərrüfatı sektorlarında qeydə alınmayan yəni qeyri-rəsmi işlərin qlobal göstəricisi 50 %-dir.
BƏT-in məlumat dəstindəki 2023-cü il rəqəmlərinə görə, Moldova 52,7 faizlə ən yüksək qeydiyyatdan keçməyən məşğulluğa malik olmaqla Avropaya liderlik edir. Belə ki, Moldovada bu göstərici 2022-ci ildə 56,4 faiz olaraq qeydə alınıb.
İkinci Şərqi Avropa ölkəsi olaraq siyahıya alınan Bosniya-Herseqovina, 19,9 % qeyri-rəsmi işçi göstəricisi ilə qitədə ikinci ən yüksək səviyyədədir.
Avropa İttifaqı (Aİ) ölkələri arasında 2022-ci ildə ən yüksək qeydiyyatsız iş nisbəti ilə Polşa 9,8 faizlə liderlik edir, Portuqaliya isə 4,6 faiz qeyri-rəsmi iş nisbəti ilə ikinci yerdədir. Onu 4,5 faizlə Yunanıstan təqib edir.
2021-ci ilin məlumatlarına görə isə, Macarıstan o dövr üçün 17,8 faiz qeyri-rəsmi işçi nisbətiylə birinci yerdədir.