Bakı, TurkicWorld
İran İslam Respublikasının Prezidenti Məsud Pezeşkian cari ilin noyabr ayında Azərbaycanda keçiriləcək BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına (COP29) dəvət edilib.
TurkicWorld xəbər verir ki, Baş nazir Əli Əsədov bu gün İran Prezidenti Məsud Pezeşkianla görüşündə Azərbaycan Prezidenti İlham Əliyevin salamlarını və prezident səlahiyyətlərinin icrasına başlaması münasibətilə təbriklərini çatdırıb.
Baş nazir cari ilin noyabr ayında Azərbaycanda keçiriləcək COP29-da iştirakla bağlı Prezident İlham Əliyevin dəvət məktubunu Prezident Məsud Pezeşkiana təqdim edib.
Xatırladaq ki, BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının (COP29) Tərəflər Konfransının 29-cu sessiyası bu ilin noyabrında Azərbaycanda keçiriləcək. Bununla bağlı qərar ötən il dekabrın 11-də Dubayda keçirilən COP28 plenar iclasında qəbul edilib. İki həftə ərzində dünyanın mərkəzinə çevrilən Bakı 70-80 minə yaxın xarici qonaq qəbul edəcək.
Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyası 1992-ci ilin iyununda Rio-de-Janeyroda keçirilən Yer Sammitində insanın iqlim sisteminə təhlükəli müdaxiləsinin qarşısını almaq üçün imzalanmış sazişdir. "COP" (Conference of Parties) abbreviaturası İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının icrasına nəzarət edən ən yüksək qanunverici orqan olan "Tərəflərin Konfransı" mənasını verir.
Konvensiyada 198 ölkə iştirak edir. Tərəflər başqa cür razılaşmırsa, COP hər il keçirilir. İlk COP tədbiri 1995-ci ilin martında Berlində baş tutdu və onun katibliyi Bonnda yerləşir.