Bakı, TurkicWorld
Sloveniya və Azərbaycan yaxın həftələrdə qaz tədarükü müqaviləsi imzalaya bilərlər.
Bunu Sloveniyanın ətraf mühit, iqlim və energetika naziri Boyan Kumer Bakıya səfəri zamanı TurkicWorld -ə özəl müsahibəsində deyib.
Boyan Kumer qeyd edib ki, səfərin məqsədi iki əsas istiqaməti əhatə edir.
"Birincisi, söhbət Sloveniya ilə Azərbaycan arasında xüsusən energetika sahəsində əməkdaşlıq haqqında perspektivli dialoqun davam etdirilməsindən gedir. İkincisi, COP29-a hazırlıqla bağlı, bu mühüm konfrans ərəfəsində həm vəziyyət, həm də gözləntilər barədə məlumat mübadiləsi haqqındadır. Ötən il Dubayda keçirilən COP28-də iştirak etdim. Bu konfrans möhkəm təməl yaratdı və bu səbəbdən bu ilə böyük ümidlər bəsləyirik. Tərəflərin ötən ilki konfransında mühüm nailiyyətə nail olduq, lakin bilirik ki, yerimizdə dura bilmərik və əlbəttə ki, geri çəkilə bilmərik", - deyə B.Kumer bildirib.
Bu səbəbdən Sloveniya Avropa İttifaqının üzvü olaraq COP29-un uğuruna fəal töhfə verəcək. Biz inkişaf etməkdə olan ölkələrə özlərinin gələcək iqlim siyasətlərini və tədbirlərini həyata keçirməyə kömək edəcək yeni maliyyə hədəfinə nail olmalıyıq. Sloveniya iqlimin maliyyələşdirilməsinə sadiqliyini nümayiş etdirir, digər məsələlərlə yanaşı, ölkənin İtki və Zərər Fondu qarşısındakı öhdəliyi də buna nümunədir. Ölkənin ölçüsünə görə ən kiçik donorlardan biri olmaqla, bu öhdəlik mürəkkəb çoxtərəfli vəziyyətdə mühüm siqnal olaraq çıxış edir", - o deyib.
Kumer qeyd edib ki, nəticələrin yumşaldılmasında irəliləyişin əldə olunması da mühüm əhəmiyyət kəsb edir.
"Aİ-də hazırda 2040-cı il üçün yeni iqlim hədəfini müzakirə edirik. Bu, vaxtında təqdim edilməli olan və iddialı Milli Səviyyədə Müəyyən edilmiş Töhfə (NDC) üçün əsas olacaq. Bütün bu elementlər, ötən il qlobal səviyyədə yekunların çıxarılması prosesinin fəal davam etməsi ilə birlikdə COP29-un uğurla keçirilməsi üçün paket təşkil edəcək. Azərbaycanın ekologiya və təbii sərvətlər naziri, COP29-un prezidenti Muxtar Babayevlə görüşdə mənə dedilər ki, hazırlıq işləri çox yaxşı gedir. Ona və komandasına Sloveniya tərəfindən hər cür köməkliyi təklif etdim", - Kumer deyib.
Onun sözlərinə görə, Sloveniya komandası danışıqlarda və siyasi təşəbbüslərdə konstruktiv şəkildə iştirak etməyə və Azərbaycanın COP-a sədrliyinin uğurla nəticələnməsinə imkan yaratmağa tam hazırdır.
"Həmçinin Azərbaycanın Sülh və Gender Bərabərliyi Gününü qeyd etmək təşəbbüsünü alqışlayırıq. Bundan başqa, COP29-da gənclərin iştirakını və vətəndaş cəmiyyətinin cəlb olunmasını fəal şəkildə dəstəkləyirik. Nəhayət, su təsərrüfatı və kənd təsərrüfatı kimi sektorlar həm Sloveniya, həm də Azərbaycan üçün birinci dərəcəli əhəmiyyət kəsb edir. İqlim dəyişikliyi ilə mübarizədə sektoral yanaşmaların getdikcə daha mühüm rol oynadığını bildiyimizdən, bu sahələrdə proqramları təşviq etməyə çalışırıq", - o deyib.
Nazir qeyd edib ki, səfərinin əsas məqsədi təkcə iki hökumət və ya iki nazirlik arasında deyil, həm də iki dövlət şirkəti - Sloveniyanın əsas təbii qaz tədarükçüsü olan Geoplin şirkəti və Azərbaycan Dövlət Neft Şirkəti SOCAR arasında razılaşmanın əldə edilməsi olub.
"Sloveniya üçün müxtəlif mənbələrdən qaz tədarüklərini təmin etmək, təbii qaz tədarüklərini şaxələndirmək çox vacibdir, çünki Sloveniya kiçik iqtisadiyyatı olan kiçik ölkədir və qaz məsələsində tamamilə digər ölkələrdən idxaldan asılıyıq. Qaz ehtiyatları ilə zəngin olan Azərbaycanla əməkdaşlıq qaz tədarüklərimizin şaxələndirilməsi üçün mühüm imkandır. Bu baxımdan Azərbaycan bizim üçün təbii seçimdir.
Çox şadam ki, SOCAR və Geoplin arasında hər iki hökumətin və məsul nazirliklərin dəstəklədiyi Anlaşma Memorandumu imzaladıq. Həmkarım, Azərbaycanın energetika naziri Pərviz Şahbazova bildirdim ki, Sloveniya hökuməti Geoplin-in SOCAR-dan təbii qaz satın almasını tam dəstəkləyir. Bu razılaşma çox vacibdir və iki şirkət arasında müqavilənin imzalanması yolunda mühüm addımdır", - Kumer deyib.