Bakı. TurkicWorld:
Bakı Beynəlxalq Dəniz Ticarət Limanı (BBDTL) Orta Dəhlizin mühüm hissəsidir və inanıram ki, Xəzər dənizindən keçən bu dəhliz rəqabət qabiliyyətinin artması üçün dayanıqlı və "yaşıl" olmalıdır.
TurkicWorld xəbər verir ki, bu barədə BBDTL-in baş direktoru Taleh Ziyadov ADA Universitetindən ilk dəfə keçirilən "Caspian Blue Horizons" tədbiri çərçivəsində "COP29 ərəfəsində iqlim dayanıqlılığı və Xəzərin dayanıqlılığı üçün elm və biznesin sinerjisi" mövzusunda keçirilən müzakirələrdə deyib.
Onun sözlərinə görə, 2035-ci ilədək liman karbon neytrallığına nail olacaq.
T.Ziyadovun fikrincə, "yaşıl" Xəzər və "yaşıl" nəqliyyat dəhlizi istiqamətində işlərin səmərəliliyi üçün bu su hövzəsi vasitəsilə bütün Xəzəryanı ölkələrlə qarşılıqlı fəaliyyət vacibdir.
"Unutmaq olmaz ki, Volqa çayı Xəzərə axır. Lakin iqlim dəyişikliyinə görə Volqa-Don kanalında vəziyyət daha pisləşib. Xəzərin özü dayazlaşmaqdadır. Xəzərdəki vəziyyəti yaxşılaşdırmaq üçün hansı tədbirlərin görməli olduğunu birlikdə tapmalıyıq. İqlim dəyişikliyinin Xəzər dənizi üçün mənfi nəticələrini dayandırmalı və bu su hövzəsini gələcək nəsillər üçün təmiz saxlamalıyıq", - deyə baş direktor vurğulayıb.
Onun sözlərinə görə, Xəzər dənizində vəziyyətin yaxşılaşdırılması insanların fəaliyyətindən asılıdır.
"Bu cür dialoqları davam etdirməyi planlaşdırırıq. ADA Universitetinin müzakirələr üçün təqdim etdiyi platforma çox vacibdir və mühüm qərarların qəbul edilməsi üçün böyük imkanlar təqdim edir", - deyə o əlavə edib.