Son dəqiqə

Qarabağ İtaliya

Qarabağın "yaşıl" texnologiyaların köməyilə bərpası İtaliyanın əsas vəzifələrindən biridir - İTA

Bakı. TurkicWorld:

İtaliya şirkətlərinin əsas vəzifələrindən biri "yaşıl" və müasir texnologiyaların köməyilə Qarabağın bərpasıdır.

Bu barədə TurkicWorld-ə İtaliya Ticarət Agentliyinin (İTA) Bakıdakı direktoru Andrea Makkaniko Azərbaycan-İtaliya biznes forumu çərçivəsində deyib.

"İtaliya şirkətləri üçün Azərbaycanda bərpa olunan enerji mənbələri sektorunda bir çox imkanlar mövcuddur. Onlar növbəti aylar ərzində, xüsusən COP29 ilə əlaqədar olaraq öyrəniləcək. Bu, İtaliya şirkətlərinin dəstək göstərməyə və lazımi bütün texnologiyaları təmin etməyə hazır olduğu sahədir", - deyə o bildirib.

İTA direktoru həmçinin ekoloji problemin mövcud olduğunu və bununla mübarizə aparmağın vacib olduğunu qeyd edib.

Onun sözlərinə görə, iqlim dəyişmələri ilə əlaqədar problemlərdən biri su şatışmazlığıdır və İtaliya şirkətləri Azərbaycanın sudan optimal istifadə etməsinə imkan verən irriqasiya həlləri təklif etməyə hazırdır.

"Beləliklə, ekologiya böyük sektordur və burada birgə fəaliyyət üçün bir çox imkanlarımız mövcuddur. Tikinti şirkətindən olan və tikinti sektoru üçün "yaşıl" texnologiyalar, məhsul və xidmətlər üzrə ixtisaslaşan nümayəndə heyətimiz oktyabr və ya ya noyabr ayında Azərbaycana gəlməlidir", - deyə o əlavə edib.

Qeyd edək ki, Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Agentliyi (AZPROMO) və İtaliya Ticarət Agentliyinin (İTA) birgə təşkilatçılığı ilə ixracın təşviqi və xarici ivestisiyaların cəlb edilməsinə həsr olunmuş tədbir keçirilib.

Tədbirdə kənd təsərrüfatı və qida sənayesi sahəsində fəaliyyət göstərən 12 İtaliya şirkəti və 100-ə yaxın azərbaycanlı iş adamı, eləcə də müvafiq dövlət qurumlarının, yerli hakimiyyət orqanlarının və beynəlxalq maliyyə institutlarının nümayəndələri iştirak edib.

Mövzuya görə xəbərlər