Son dəqiqə

Azərbaycan Bolqarıstan

Azərbaycanla Bolqarıstan arasında etibarlı strateji tərəfdaşlıq inkişaf edir – Dimitar Bratanov

Bakı. TurkicWorld:

Azərbaycanla Bolqarıstan arasında təməli hələ Azərbaycanın ümummilli lideri Heydər Əliyev tərəfindən qoyulmuş etibarlı strateji tərəfdaşlıq inkişaf edir.

TurkicWorld məlumat verir ki, bunu Bolqarıstan-Azərbaycan Ticarət və Sənaye Palatasının sədri Dimitar Bratanov Azərbaycan və Bolqarıstan şirkətlərinin iştirakı ilə "dəyirmi masa"da deyib.

Onun sözlərinə görə, münasibətlər yalnız enerji sahəsində deyil, yüksələn xətlə inkişaf edir.

"Azərbaycanda 15 Bolqarıstan şirkəti fəaliyyət göstərir, lakin əməkdaşlıq üçün hələ çox imkanlar və sahələr mövcuddur. Biz Azərbaycanın simasında möhkəm etibarlı dost görürük və münasibətlərimizin gələcəyinə inanırıq", - deyə Bratanov qeyd edib.

Qeyd edək ki, Bakıda Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondu (AZPROMO) və İqtisadiyyat Nazirliyinin təşkilatçılığı ilə Azərbaycan-Bolqarıstan biznes-forumu öz işinə başlayıb. Forumda Bolqarıstan-Azərbaycan Ticarət və Sənaye Palatasının sədri Dimitar Bratanov və AZPROMO-nun icraçı direktorunun müavini Zöhrab Qədirov iştirak edirlər.

Bundan başqa, forumda rəsmi şəxslər və xüsusilə sənaye, nəqliyyat, logistika, kənd təsərrüfatı, İKT, həmçinin, neft-qaz, tikinti, mühəndislik, mebel, sığorta, konsaltinq və ticarət sahələrini təmsil edən 120-yə yaxın iş adamı iştirak edir.

Mövzuya görə xəbərlər