Son dəqiqə

Dövlət Turizm Agentliyi

Azərbaycanda pandemiyadan sonra turizmin bərpası prosesi bu il başa çata bilər - Agentlik

Bakı. TurkicWorld:

2024-cü ildə Azərbaycanda turizm sahəsində 2019-cu ilin göstəricilərinə çatacağımıza və turizmin bərpa prosesinin başa çatacağına ümid edirik.

TurkicWorld xəbər verir ki, bu barədə Dövlət Turizm Agentliyinin aparat rəhbəri Kənan Qasımov Bakıda keçirilən İƏT-ə üzv ölkələrin turoperatorlarının 1-ci forumunun kuluarlarında jurnalistlərə deyib.

Onun sözlərinə görə, bütün hallarda əsas məqsəd turistlərin sayının artmasıdır.

"Bu səbəbdən müxtəlif layihələri reallaşdırmalıyıq. Azərbaycanda turizmlə əlaqəli ən böyük çətinliklərdən biri olan mövsümiliyin aradan qaldırılması və yeni turizm məhsullarının yaradılması üzrə ciddi işlər görülür. Ölkəmiz tibbi turizm üzrə böyük potensiala malikdir.

Eyni zamanda, Azərbaycanda hadisə turizminin inkişafı ilə əlaqədar layihələr reallaşdırılır. Bunlarla bərabər turizmə investisiyaların təşviq edilməsi və ölkəyə gətirilən turistlərə münasibətdə subsidiya mexanizmlərinin işlənib hazırlanması, ölkəyə digər şəhərlərdən uçuşların artırılması və xidmətin əlçatanlığının təmin edilməsi istiqamətində ciddi addımlar atılır", - deyə o əlavə edib.

Qeyd edək ki, İƏT üzv ölkələr arasında iqtisadi, texniki və mədəni əməkdaşlığı inkişaf etdirmək üçün 1985-ci ildə İran, Pakistan və Türkiyə tərəfindən yaradılmış hökumətlərarası regional təşkilatdır.

1992-ci ildə təşkilat 7 yeni üzvün - Əfqanıstan, Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Tacikistan, Türkmənistan və Özbəkistanın da daxil olması ilə daha da genişlənib.

Mövzuya görə xəbərlər