Şimal-Cənub nəqliyyat dəhlizinin inkişafı Xəzəryanı ölkələrin fəal əməkdaşlığını tələb edir - Rusiya baş prokurorunun müavini

Şimal-Cənub nəqliyyat dəhlizinin inkişafı Xəzəryanı ölkələrin fəal əməkdaşlığını tələb edir - Rusiya baş prokurorunun müavini

Bakı. TurkicWorld:

Şimal-Cənub nəqliyyat dəhlizinin inkişafı Xəzəryanı ölkələrin fəal əməkdaşlığını tələb edir.

TurkicWorld xəbər verir ki, bu barədə Rusiya baş prokurorunun müavini Pyotr Qorodov Bakıda keçirilən Xəzəryanı dövlətlərin Baş Prokurorluqlarının rəhbər şəxslərinin beştərəfli görüşündə deyib.

"Xəzəryanı region ölkələrinin dost və mehriban qonşuluq münasibətləri möhkəmlənməkdədir. Enerji sahəsində əməkdaşlıq artır. Nəqliyyat layihələrinə gəlincə, Sankt-Peterburqdan Mumbay şəhərinə Şimal-Cənub dəhlizinin inkişafı həmçinin, Xəzər dənizi ilə yük daşımalarını tələb edir", - deyə o vurğulayıb.

Qorodov həmçinin qeyd edib ki, Xəzər dənizinin ekoloji təhlükəsizliyinin təmin olunması Xəzəryanı dövlətlər üçün prioritet təşkil edir. Onun sözlərinə görə, Rusiya Xəzəryanı zonanın mühafizəsinə xüsusi diqqət ayırır.

Bununla yanaşı, o əlavə edib ki, hazırki görüş ekoloji məsuliyyət sahəsində uğurlu dövlətlərarası əməkdaşlığın nümunəsidir.

Qeyd edək ki, Bakıda Xəzəryanı dövlətlərin Baş Prokurorluqlarının rəhbər şəxslərinin beştərəfli görüşü keçirilir. Görüş Xəzər dənizindəki ekoloji təhdidlərə və Xəzəryanı ölkələrin prokurorluq orqanlarının dəniz mühitinin mühafizəsi üzrə strategiyasına həsr olunub.

Məlumata görə, tədbirdə həmçinin Baş prokuror Kamran Əliyev, ekologiya və təbii sərvətlər nazirinin müavini Umayra Tağıyeva, eləcə cə Azərbaycan Respublikasının və digər Xəzəryanı dövlətlərin Baş Prokurorluqlarının yüksək rütbəli şəxsləri və digər rəsmilər iştirak edirlər.