Bakı. TurkicWorld:
Azərbaycan Xorvatiyanın bərpa olunan enerji layihələrinə investisiyalar qoya bilər.
Bu barədə TurkicWorld-ə Xorvatiyanın İqtisadiyyat və Dayanıqlı İnkişaf Nazirliyindəki mənbədən bildiriblər.
"Biz öz təcrübəmizi bölüşməli və şirkətlərimiz arasında mümkün gələcək əməkdaşlığı öyrənməliyik. Biz həmçinin Azərbaycanın Xorvatiyada bir sıra bərpa olunan enerji mənbələri (BEM) layihələrinə investor olması üçün potensialını görürük", - deyə mənbə bildirib.
Mənbənin sözlərinə görə, geotermal sektorda əməkdaşlıq üçün əla imkan var, belə ki, Azərbaycan bu texnologiya ilə bağlı mühüm "nou hau" biliklərə malikdir.
Xorvatiyanın Azərbaycan-Avropa "yaşıl" enerji dəhlizinə qoşulma imkanına gəlincə, mənbə bildirib ki, sözügedən layihə ilə bağlı danışıqlar aparılmayıb, lakin Xorvatiya Aİ-də enerji sektorunun dekarbonizasiyasına imkan yaradacaq bütün imkanları dəstəkləyir.
Qeyd edək ki, 17 dekabr 2022-ci il tarixində Azərbaycan, Gürcüstan, Rumıniya və Macarıstan arasında Qafqaz regionundan Avropaya enerji körpüsünün inşasını nəzərdə tutan saziş imzalanıb.
Əldə olunan saziş çərçivəsində 1195 kilometr uzunluğunda 1000 meqavatt gücündə "Black Sea Energy" sualtı elektrik kabelinin inşası gözlənilir. Kabel Azərbaycanda istehsal olunan "yaşıl" elektrik enerjisinin Gürcüstan və Qara dəniz vasitəsilə Rumıniyaya və daha sonra Macarıstana və Avropanın yerdə qalan hissəsinə nəqli üçün nəzərdə tutulacaq. Bu, dörd qiqavatta qədər "yaşıl" enerji tədarükünü təşkil etməyə imkan verəcək.