Türkiyə Azərbaycanda turizmin inkişafı üçün təcrübələrini bölüşməyə hazırdır - MÜSİAD rəhbəri

Türkiyə Azərbaycanda turizmin inkişafı üçün təcrübələrini bölüşməyə hazırdır - MÜSİAD rəhbəri

Azərbaycanın çox zəngin turizm potensialı var və bu sahənin daha da inkişaf etdirilməsi üçün Türkiyə öz təcrübələrini bölüşmək niyyətindədir.

TurkicWorld-un məlumatına görə, bunu Beynəlxalq Biznes Forumun (IBF) prezidenti, Türkiyənin Müstəqil Sənayeçi və İş Adamları Dərnəyinin (MÜSİAD) təsisçisi Erol Yarar Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) və MÜSİAD-ın birgə mətbuat konfransı zamanı deyib.

Onun sözlərinə görə, 1 milyon 200 min turisti qonaqlamaq imkanı olan Türkiyə bu baxımdan dünyanın ən önəmli turizm ölkələrindən biridir:

"Bu təcrübəni Azərbaycana da gətirmək istəyirik. Azərbaycanda bir tərəfdən Xəzər dənizi ilə 850 kilometr uzunluğunda sahil xətti, digər tərəfdən qış turizminin inkişaf etdirilməsi üçün kifayət qədər dağ var. Bu dağlar Avropa və ABŞ-da olduğu kimi ilboyu turizm potensialına malikdir. Bu imkanlardan məqsədyönlü şəkildə necə istifadə edilə biləcəyimizi müzakirə edirik. Dolayısı ilə yay və qış turizmi ilə bağlı təcrübələrimizi Azərbaycanla paylaşmaq istəyirik", - deyə Erol Yarar bildirib.

O əlavə edib ki, digər tərəfdən Türkiyənin səhiyyə sistemi çox inkişaf edib. Azərbaycanın da səhiyyə infrastrukturunun gücləndirilməsi, yeni xəstəxanaların tikilməsi və sosial təhlükəsizlik sisteminin gücləndirilməsi üçün Türkiyə mütəxəssisləri səlahiyyətli şəxslərlə, xüsusən də İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin rəsmiləri ilə müzakirələr aparırlar:

"Üçüncü məsələ PPP (dövlət-özəl sektor tərəfdaşlığı) layihələrinin həyata keçirilməsidir. Azərbaycan dövlətinin zəmanəti altında bununla bağlı saziş imzalayacağıq. Dördüncü məsələ kənd təsərrüfatının inkişafının təmin edilməsidir. Azərbaycanın çox qiymətli torpaqları var. Biz Azərbaycana dördölçülü kənd təsərrüfatı layihəsi təqdim edəcəyik. Bu, "Ağıllı kənd" layihəsidir. Bu, tarladan dünya bazarlarına Azərbaycanın kənd təsərrüfatı məhsullarının çıxarılmasına hesablanıb", - deyə IBF prezidenti vurğulayıb.