Bakı. TurkicWorld:
2023-cü ilin dekabr ayında Türkiyənin Ankara şəhərində yerləşən Esenboğa Beynəlxalq Hava Limanına gələn sərnişinlərin sayı 37 faiz artaraq, 11 milyon 914 min 82 nəfər olub.
Bu barədə TurkicWorld-a Türkiyənin Nəqliyyat və İnfrastruktur Nazirliyindən məlumat verilib.
Nazirlikdən verilən məlumata görə, 2023-cü ilin dekabr ayında hava limanının daxili reyslər üzrə sərnişin dövriyyəsi 35 faiz artaraq 9 milyon 90 min 436 nəfər, beynəlxalq reyslər üzrə isə 47 faiz artaraq 2 milyon 823 min 646 nəfər təşkil edib.
2023-cü ilin dekabr ayında hava limanının yük dövriyyəsi 2022-ci ilin eyni dövrü ilə müqayisədə 23 faiz artaraq 116 min 209 ton təşkil edib. Bununla yanaşı, 2023-cü ilin dekabr ayında hava limanının daxili reyslər üzrə yük dövriyyəsi 2022-ci ilin eyni dövrü ilə müqayisədə 24 faiz artaraq, 72 min 385 ton, beynəlxalq reyslər üzrə dövriyyəsi isə eyni dövrlə müqayisədə 22 faiz artaraq, 43 min 824 ton təşkil edib.
Məlumata əsasən, hava limanından 2023-cü ilin dekabr ayında həyata keçirilən uçuşların sayı 2022-ci ilin eyni dövrü ilə müqayisədə 30 faiz artaraq, 93 min 48 olub. Bununla yanaşı, daxili reyslər üzrə yerinə yetirilən uçuşların sayı 30 faiz artaraq 69 min 846, beynəlxalq reyslər üzrə isə 33 faiz artaraq 23 min 202 olub.
2023-cü ilin dekabr ayında Türkiyənin bütün hava limanlarında sərnişin daşınması 214 milyon 5 min 980 nəfər, yük dövriyyəsi isə 4 milyon 211 min 507 ton təşkil edib.
Xatırladaq ki, 2022-ci ildə Türkiyənin bütün hava limanlarında sərnişin daşınması 181 milyon 948 min 6 nəfər, yük dövriyyəsi isə 4 milyon 4 min 306 ton təşkil edib.