İğdır-Naxçıvan qaz kəməri layihəsi üzrə tikinti işləri davam edir

İğdır-Naxçıvan qaz kəməri layihəsi üzrə tikinti işləri davam edir

Bakı. TurkicWorld:

Hazırda İğdır-Naxçıvan qaz kəməri layihəsi üzrə tikinti işləri davam edir.

TurkicWorld xəbər verir ki, bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov Azərbaycan-Türkiyə İnvestisiya Forumunun açılış mərasimində deyib.

"Bu layihə Azərbaycan-Türkiyə qardaşlığının daha bir nümunəsidir. Bərpa olunan enerji sahəsində əməkdaşlıq imkanlarının reallaşdırılması qarşılıqlı səmərəli tərəfdaşlığın mühüm istiqamətlərindən biridir. Azərbaycanın əcnəbi investorlarla əməkdaşlığı çərçivəsində alternativ və bərpa olunan enerji layihələrindən əldə olunan enerjinin region ölkələrinə, o cümlədən Türkiyə və Avropaya ixracı mümkündür", - o deyib.

Xatırladaq ki, Azərbaycan və Türkiyə 15 dekabr 2020-ci il tarixində İğdır-Naxçıvan qaz kəməri üzrə Anlaşma Memorandumu imzalayıb.

Layihə Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) və Türkiyənin BOTAŞ şirkəti tərəfindən icra olunacaq. Hazırda Naxçıvan əsasən İran vasitəsilə qaz əldə edir. Azərbaycan qazının Türkiyə ərazisindən tədarükü Naxçıvanın öz qaz ehtiyaclarını qarşılamasına kömək edəcək. Boru kəmərinin İğdırdan Naxçıvanda Sədərək rayonuna qədər Türkiyəyə hissəsinin uzunluğu 85 km olacaq.