Orta Dəhliz SPECA ölkələri arasında iqtisadi əlaqələrin canlanacağını vəd edir - Mikayıl Cabbarov

Orta Dəhliz SPECA ölkələri arasında iqtisadi əlaqələrin canlanacağını vəd edir - Mikayıl Cabbarov

Bakı. TurkicWorld:

Orta Dəhliz SPECA ölkələri arasında iqtisadi əlaqələrin canlanmasına və onların arasında ticari əməkdaşlığın genişlənməsinə xidmət edir.

TurkicWorld xəbər verir ki, bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov SPECA həftəsi çərçivəsində SPECA Ticarət üzrə İşçi Qrupunun 18-ci iclasında deyib.

"Azərbaycan təkcə tranzit ölkə deyil, nəqliyyat dəhlizlərinin həyat qabiliyyətini, səmərəliliyini və dayanıqlı inkişafını təmin edən katalizatordur", - deyə o vurğulayıb.

Onun sözlərinə görə, Orta Dəhlizin rəqabət qabiliyyətinin davamlı olması üçün qarşılıqlı fəaliyyət möhkəmləndirilməli, ticarət və onunla əlaqəli prosedurların rəqəmsallaşması artırılmalı, eləcə də, gələcəkdə əməkdaşlıq genişləndirilməlidir.

Qeyd edək ki, BMT-nin Mərkəzi Asiya Ölkələrinin İqtisadiyyatları üçün Xüsusi Proqramı (SPECA) 26 mart 1998-ci ildə təsis olunub.

Hazırda "SPECA"ya üzv dövlətlər Azərbaycan, Əfqanıstan, Qazaxıstan, Qırğızıstan, Tacikistan, Türkmənistan və Özbəkistandır.

"SPECA" regional əməkdaşlıq yolu ilə ən yaxşı şəkildə əldə edilməsi mümkün olan Dayanıqlı İnkişaf Məqsədlərinin (DİM) həyata keçirilməsi üçün sub-regional əməkdaşlıq platforması təmin edir. 2023-cü ildə Proqrama Azərbaycan sədrlik edir.

20-24 noyabr 2023-cü il tarixlərində Bakıda "SPECA Günləri" keçirilir.