"Şəfəq" layihəsi üzrə danışıqlar yekunlaşmaq üzrədir - Bəxtiyar Aslanbəyli

"Şəfəq" layihəsi üzrə danışıqlar yekunlaşmaq üzrədir - Bəxtiyar Aslanbəyli

Bakı. TurkicWorld:

bp şirkətinin Cəbrayılda "Şəfəq" günəş enerjisi layihəsi üzrə danışıqları artıq yekunlaşmaq üzrədir.

TurkicWorld xəbər verir ki, bu barədə çərşənbə günü jurnalistlərə bp-nin Yaxın Şərq və Xəzər Regionunda Kommunikasiyalar və Xarici Əlaqələr üzrə vitse-prezidenti Bəxtiyar Aslanbəyli deyib.

"Bütün mümkün hazırlıq prosesləri başa çatmaq üzrədir. Ümid edirik ki, yekun məqamlar olan texniki və kommersiya işləri başa çatdıqdan sonra yaxın zamanda bu layihə ilə bağlı yekun investisiya qərarını açıqlaya bilərik", - o deyib.

Onun sözlərinə görə, bp neft-qaz layihələri ilə yanaşı bərpa olunan enerji sahəsindəki strategiyasına da ciddi dəyişikliklər edir.

"Yeni strategiyamız neft-qaz resursları ilə yeni, bərpa olunan enerji resursları arasında seçim etmək deyil, hər iki istiqamətdə fəaliyiyətimizi davam etdirməkdən ibarətdir. Bu istiqamətdə işlər paralel aparılır. Azərbaycandakı fəaliyyətimiz buna çox gözəl nümunədir", - deyə B.Aslanbəyli vurğulayıb.

Xatırladaq ki, 2022-ci ilin iyun ayında Azərbaycan Respublikasının Energetika Nazirliyi və bp Zəngilan-Cəbrayıl zonasında 240 MVt gücündə günəş elektrik stansiyasının tikintisi layihəsinin qiymətləndirilməsi və həyata keçirilməsi fəaliyyəti üzrə əməkdaşlığa dair İcra Müqaviləsi imzalayıblar. Bu sənəd işğaldan azad olunmuş ərazilərdə "yaşıl enerji" zonasının yaradılması, Azərbaycanın bərpa olunan enerji sektorunun inkişafı ilə bağlı strateji qərarı və 2030-cu ilədək karbon qazı emissiyalarını 35%-dək azaltmaq öhdəliyinin, bp-nin isə 2050-ci ilədək "xalis sıfır emissiya"lı şirkətə çevrilmək strategiyasının icrası çərçivəsində imzalanıb.

(Tərcümə: Rəna Əbdürəhmanova)