ACE Xəzər dənizində tamamilə məsafədən idarə olunan ilk platforma olacaq

ACE Xəzər dənizində tamamilə məsafədən idarə olunan ilk platforma olacaq

Bakı. TurkicWorld:

"Azəri-Çıraq-Günəşli" yataqlar blokunda "Mərkəzi-Şərqi Azəri" (ACE) platforması Xəzər dənizində tamamilə məsafədən idarə olunan ilk platforma olacaq. "Mərkəzi-Şərqi Azəri" platforması dünyada da ilk bu cür platformalardan biri olacaq.

TurkicWorld çərşənbə günü xəbər verir ki, bunu Səngəçal terminalının meneceri Fil Qrey terminal üzrə mediaturda deyib.

Onun sözlərinə görə, bu platforma, həmçinin bp-də tam distant idarə olunan ilk platforma olacaq.

"Hazırda montaj işləri gedir. Burada əməkdaşların sayı 200-ə yaxındır, lakin platforma fəaliyyətə başladıqdan sonra onların sayının 180 nəfər olacağı gözlənilir", - Qrey deyib.

Bundan başqa, o qeyd edib ki, avadanlıqların və platformanın işinin uyğunlaşdırılması və avtomatlaşdırılması ilə əlaqədar işçilərin sayının minimuma endirilməsi planlaşdırılır.

Qeyd edək ki, ACE platformasından ilk neft hasilatı gələn ilin əvvəlinə planlaşdırılır. ACE platforması və avadanlığı gündəlik 100 min barelədək neft emalı üçün nəzərdə tutulub. Layihənin bütün icra müddəti ərzində 300 milyon barelədək neft hasil ediləcəyi gözlənilir. Platforma məsafədən Səngəçal terminalından idarə olunacaq və yeni innovativ avtomatlaşdırma sistemini özündə birləşdirəcək.

AÇG-də iştirak payları aşağıdakı kimidir: BP- 30,37%; SOCAR- 25,00%; MOL- 9,57%; INPEX- 9,31%; Equinor- 7,27%; ExxonMobil- 6,79%; TPAO- 5,73%; ITOCHU- 3,65% və ONGC Videsh Limited (OVL)- 2,31%.

(Tərcümə: Rəna Əbdürəhmanova)