Xəzər dənizi Xəzəryanı dövlətlər üçün böyük dəyər kəsb edir - İran baş prokurorunun müavini

Xəzər dənizi Xəzəryanı dövlətlər üçün böyük dəyər kəsb edir - İran baş prokurorunun müavini

Bakı. TurkicWorld:

Xəzər dənizi Xəzəryanı dövlətlər üçün böyük dəyər kəsb edir.

TurkicWorld xəbər verir ki, bu barədə İran baş prokurorunun müavini Qolam Abbas Bakıda keçirilən Xəzəryanı dövlətlərin Baş Prokurorluqlarının rəhbər şəxslərinin beştərəfli görüşündə deyib.

"Biz ölkələrimiz üçün böyük dəyər kəsb edən Xəzər dənizinin biomüxtəlifliyini qorumalıyıq. Bu problemləri birlikdə həll etmək lazımdır və biz bu səbəbdən buraya toplaşmışıq", - deyə o bildirib.

Qolam Abbas bu gün Xəzər dənizinin mühafizəsi üzrə 200-dən çox sənədin olduğunu və bu sənədlərin Xəzər dənizinin resurslarından sui-istifadəyə yol verilməməsi üçün mühüm əsas olduğunu qeyd edib.

Onun sözlərinə görə, Xəzər dənizinin mühafizəsi üçün milli səviyyədə idarəetmə vasitələri formalaşdırmaq lazımdır və bu iş ciddi koordinasiya tələb edir.

"Prokurorluq orqanları bu prosesdə böyük rol oynayacaq. Bugünkü görüş Xəzər dənizinin mühafizəsi üzrə gələcək fəaliyyət üçün olduqca vacibdir", - deyə o əlavə edib.

Qeyd edək ki, Bakıda Xəzəryanı dövlətlərin Baş Prokurorluqlarının rəhbər şəxslərinin beştərəfli görüşü keçirilir. Görüş Xəzər dənizindəki ekoloji təhdidlərə və Xəzəryanı ölkələrin prokurorluq orqanlarının dəniz mühitinin mühafizəsi üzrə strategiyasına həsr olunub.

Məlumata görə, tədbirdə həmçinin Baş prokuror Kamran Əliyev, ekologiya və təbii sərvətlər nazirinin müavini Umayra Tağıyeva, eləcə cə Azərbaycan Respublikasının və digər Xəzəryanı dövlətlərin Baş Prokurorluqlarının yüksək rütbəli şəxsləri və digər rəsmilər iştirak edirlər.