Bakıdan Naxçıvana uçuşların həyata keçirilməsi qeyri-müəyyən müddətə təxirə salınıb

Bakıdan Naxçıvana uçuşların həyata keçirilməsi qeyri-müəyyən müddətə təxirə salınıb

Bakı. TurkicWorld:

Ölkə ərazisində müşahidə olunan əlverişsiz hava şəraiti "Azərbaycan Hava Yolları" QSC-nin Naxçıvan istiqamətində uçuşlarının cədvəlinə təsir etməkdə davam edir.

AZAL-dan TurkicWorld-a bildirilib ki, əlverişsiz hava şəraiti ilə əlaqədar Bakıdan Naxçıvana uçuşların həyata keçirilməsi qeyri-müəyyən müddətə təxirə salınıb.

AZAL gecikmiş reyslərin sərnişinlərindən aviaşirkətin rəsmi sosial şəbəkə hesablarında və KİV-lərdə son məlumatları izləmələrini və ya əlavə məlumat üçün callcenter@azal.az elektron poçt ünvanı vasitəsilə əlaqə saxlamaqlarını xahiş edir.

Aviaşirkət Naxçıvanda əlverişsiz hava şəraiti səbəbindən uçuşları təxirə salınan sərnişinlərə bu vəziyyətlə əlaqədar anlayış və səbir nümayiş etdirmələrini tövsiyə edir.

Aviaşirkətin qaydalarına əsasən, gecikmiş reyslərin sərnişinləri zəruri vasitələrlə, o cümlədən içki və qidalanma ilə təmin olunacaqlar.

Qeyd edək ki, uçuşların təhlükəsizliyi, sərnişinlərin və ekipaj üzvlərinin rifahı AZAL üçün hər zaman ən yüksək prioritetdir. Buna görə də uçuşların təhlükəsizliyini təmin etmək məqsədilə bütün reyslər yalnız əlverişli hava şəraitində həyata keçiriləcək.