Avropanın aparıcı logistika şirkətləri Orta Dəhlizə yüklər cəlb edir

Avropanın aparıcı logistika şirkətləri Orta Dəhlizə yüklər cəlb edir

Bakı. TurkicWorld:

Avropanın aparıcı logistika şirkətləri, xüsusən Danimarkanın "Mærsk", Avstriyanın "Rail Cargo Group", Finlandiyanın "Nurminen Logistics" və Niderlandın "Rail Bridge Cargo" şirkətləri Orta Dəhlizə yüklər cəlb edir.

TurkicWorld Dünya İqtisadi Forumuna istinadən xəbər verir ki, Çinlə Avropa arasında əmtəə dövriyyəsi ildə 600 milyard dollar dəyərində qiymətləndirilir.

"Mərkəzi Asiya, Xəzər dənizi və Cənubi Qafqaz ərazisindən keçən Orta Dəhliz Çinin Sakit Okean sahilindən Avropaya ən qısa yoldur. Şanxaydan Avropaya yüklərin daşınması Orta Dəhlizlə 10 gün çəkə bilər, halbuki Şimal Dəhlizi üzrə daşınmalarda bu müddət 20 gündür. Bu, vaxta qənaətlə yanaşı, tranzit ölkələr arasında ticarətə təkan verə, regional inteqrasiyanı möhkəmləndirə və iqtisadi diversifikasiyaya səbəb ola bilər", - Dünya İqtisadi Forumunun məlumatında deyilir.

Təşkilat qeyd edir ki, 2022-ci ildə bu marşrut üzrə yük daşımalarının həcmi 2,5 dəfə artaraq 1,5 milyon tona çatıb.

"Bu ilin birinci rübündə dəmir yolu ilə yük daşımaları 60 faizdən çox artaraq 433 min tona çatıb və rəqəmlər ümid vericidir. Qeyd etmək lazımdır ki, hazırda Orta Dəhlizlə yük daşımaları Şimal Dəhlizi ilə daşınan yüklərin ümumi həcminin 10 faizdən azını təşkil edir. Orta Dəhlizin ticarət potensialını tam reallaşdırmaq məqsədilə marşrutun bəzi sahələrinin yenidən qurulması, həmçinin yeni investisiyalar vacibdir. Dövlət və özəl sektorlar texniki və fiziki infrastruktur nöqteyi-nəzərindən maneələri aradan qaldırmaq, habelə "yaşıl" və rəqəmsal texnologiyalara keçidə xüsusi diqqət yetirmək üçün birgə çalışmalıdırlar", - deyə BVF qeyd edir.

Dünya İqtisadi Forumunun mütəxəssisləri bu dəhliz çərçivəsində Avropanın logistika şirkətləri, xüsusən Danimarkanın "Mærsk", Avstriyanın "Rail Cargo Group", Finlandiyanın "Nurminen Logistics" və Niderlandın "Rail Bridge Cargo" şirkətləri ilə dövlət-özəl tərəfdaşlığının genişlənməkdə olduğunu qeyd edir.

"2022-ci ilin noyabrında Aktauda nazirlər səviyyəsində keçirilən Transxəzər Əlaqələri üzrə görüşdə iştirakçılar Orta Dəhlizin ötürücülük qabiliyyətinin 2025-ci ilədək 10 milyon tona qədər artırılması üzrə yol xəritəsi imzalayıblar. Adıçəkilən təşkilatlar marşrut üzrə yük dövriyyəsinin artırılmasına yönəlmiş işlər görürlər. Bundan başqa, marşrutun yeni tərəfdaşları üçün daha cəlbedici olması üçün gömrük prosedurları razılaşdırılmalı və sadələşdirilməlidir. Burada əsas məqam rəqəmsal həllərin istifadəsidir. Buraxılış məntəqələrində və dəniz limanlarında elektron növbələrin həyata keçirilməsi və elektron tranzit sənədlərinin tətbiqi maneələrin aradan qaldırılması üçün vacib həllərdir", - deyə BVF qeyd edir.