Bakı, TurkicWorld
Türklər kökləri qədimlərə dayanan, fərqli zamanlarda çoxsaylı dövlətlər quran böyük bir xalqdır. Müasir İraq ərazisində yaşamış Şumer tayfalarının tarixini araşdıran tədqiqatçılar nəhayət Şumer tayfalarının türkmənşəli olduğunu etiraf etmişdilər. Zikkuratlar,müxtəlif mədəniyyət abidələri, şəhər dövlətlər daş kitabələr, Gilqameş dastanı kimi mədəniyyət nümunələri türklərin necə bir mədəniyyətə malik olduqlarını göstərir. Şəhər mədəniyyəti kimi oturaq həyat tərzi ilə yanaşı Bozqır deyə adlandırılan Mərkəzi Asiyadaki köçəri həyat tərzi də türk tarixinin bir parçasıdır.
Köçəri həyat tərzi yeni ərazilər kəşf etmək, yeni mədəniyyətlərə həmçinin mədəniyyətlərin əsası olan yeni dinlərlə tanış olmaq avantajını da özü ilə gətirirdi. Tüklərin İslamla ilk tanışlığı da bu avantajın nəticəsidir.
Türklər əksəriyyət etibarilə Tək tanrıçılıq inancına etiqad etsələr də buddizm şamanizm də etiqadlar arasındaydı. Müasir dövrə baxdığımızda isə türklərin böyük əksəriyyətinin İslam inancına sahip olduğunu görərik. Türklərin İslamı qəbul etməsində əsas səbəblərdən biridə Tək Tanrı inancının İslam'ın tövhid-bir olan Allah anlayışı ilə bənzərlik təşkil etməsi idi.
Türklərin İslamı qəbul edilişinə nəzər saldığımız da bu hadisələrin qısa zaman kəsiyində olmadığını görə bilərik. Türklərin İslamlaşması "qılınc müsəlmanı" təbiri ilə ifadə edilsə də bu ifadənin doğru olmadığını tarixi mənbələrdən görə bilərik. Rəşidi xəlifələrdən sonra hakimiyyət gələn Əməvilər dövrü siyasi, dini hadisələr cəhətdən qarışıq dövr idi. Digər xalqlar kimi türklər də əməvilər dövründə mövcud olan ərəb milliyətçiliyinin zərərlərinə məruz qaldılar. Türklərin İslamı kütləvi şəkildə qəbul etməsi Əməvilərin basqıcı dövründə deyil tam əksi Abbasilər dövründə olduğu reallığı qılınc müsəlmanı fikrinin əsassızlığını göstərir. Əgər məcbur qəbul edilmiş olsa idi, yenidən güc sahibi olunca türklər öz keçmiş inanclarına geri dönərdilər. Halbuki tam əksi, güc Türk xalqlarının əlinə keçdikcə dövlətlər qurub xaçlı monqol hücumlarının qarşısını almağa çalışmışdılar. İslam'ın türklər arasında yayılmasında Əhməd Yəsəvi, Yunus Əmrə, Tapduq Əmrə kimi sufi dərvişlərin rolu böyük olmuşdur.
Ancaq bunlarla yanaşı Türklərin kütləvi şəkildə İslamı qəbul etməsi Talas döyüşü ilə bağlıdır. Belə ki Abbasi xilafəti mərkəzi Asiyaya ordularını yönləndirdiyi bir zamanda mərkəzi Asiyada Türkeş Qarluq kimi türk tayfaları var idi.
Türkeşlər parçalanmış, Qara Türkeş adlı qrupu Çinlilərin dəstəyi ilə Tumoçanın komandanlığı altında müstəqilliyini qoruya bilmişdilər. Ancaq Keş indiki Daşkənddə Türkeşlərin son hükümdarı Bahadur Çudun Çinli komandan Kao Siya Çe tərəfindən öldürülüb mülkü müsadirə edilincə Türkeşlərin müstəqilliyi təhlükə altına düşdü. Bu hadisələrdən sağ qurtulan Bahadur Çudunun oğlu qaçaraq Xilafətdən yardım istədi. Bu hadisələrdən bir il əvvəl yəni 750 ci ildə Əməvilər hakimiyyətdən endirilib yerinə Abbasilər gəlmişdi. Daşkənddən yardım istəyi gəlincə Xilafətin Xorasandaki Valisi Əbu Oğuzxan Ziyad ibn Salehi köməyə göndərdi.
7-8 ci əsrlərdə Mərkəzi Asiyanın siyasi mənzərəsinə nəzər salsaq görərik ki, türk xalqları parçalanmış vəziyyətdə idi. Bundan istifadə edən Çinlilər Mərkəzi Asiyanı ələ keçirib burada öz dinlərini yaymaq istəyirdilər. Ancaq İslam xilafətinin ordularını mərkəzi Asiyaya yönləndirməsi Çinin planlarını pozmuşdu. Onsuz da Əməvilər dövründə milliyətçi basqılara məruz qalan türklərin İslama münasibətlərində soyuqluq müşahidə olunurdu. Bunu bilən Çin, Xilafət ordusuna qarşı Türkeş Qarluq kimi türk tayfalarından istifadə etmək istəyirdi. Beləliklə həm xilafətdən qurtulmuş olacaqdı həmdə türk tayfalarını gücsüzləşdirəcəkdi.
Ancaq hadisələrin gedişatı Çinin istədiyi kimi olmadı. 751 ci ildə Çin ordusu ilə xilafət ordusu Qırğızıstan ərazisində yerləşən Talas çayı yaxınlarında üz-üzə gəldi. Çin ordusunda Qarluq Yağma kimi türk tayfaları da var idi. Beş günlük savaşın ilk günlərində Çinlilər texniki imkanları ilə üstünlük göstərsələr də ancaq müharibənin son günləri xilafətin xeyrinə dönməyə başladı.
Bəzi mənbələrə görə Ziyad ibn Saleh müharibənin beşinci günü gecə vaxtı Qarluqların başçısı ilə görüşmüş və qarluqlara sülh təklif etmişdi. Qarluqlar isə çinlilərin qarluqları assimilyasiya etmək, yox etmə niyyətlərini anladıqları üçün Xilafətə dəstək vermə qərarına gəlmişdilər.
Beləliklə 751-ci il Talas çayı sahilindəki döyüş Xilafətin və türklərin qələbəsi ilə başa çatmışdır. Çin ordusu çoxsaylı itki verərək çəkilmək məcburiyyətində qalmışdı. Çinlilər daha sonra yenidən ordu toplasalar da ölkə daxilində baş verən üsyan onları hücum planlarından vaz keçirmişdi.
Əməvilər dövründə pisləşən Türk Ərəb münasibətləri Talas döyüşündən sonra getdikcə düzəlməyə başladı.
Həmçinin, Türklərin İslamı qəbul etməsində Qaraxanlı hökmdarı Satuk Buğra xanın İslamı qəbul etməsini misal göstərə bilərik. Bundan sonra Qaraxanlıda yaşayan əhali də kütləvi şəkildə İslamı qəbul etməyə başlamışdı.
Onu da qeyd edək ki, İslamı qəbul etmiş türklərin öz xalqları arasında təbliğat həyata keçirməsi türklərin İslamı qəbul etmə mərhələsini sürətləndirdi.