Bakı. TurkicWorld:
M.Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasının səhnəsində "II Braziliya klassik musiqi festivalı" çərçivəsində konsert keçirilib.
TurkicWorld xəbər verir ki, ilk öncə səhnəyə Braziliya Federativ Respublikasının Azərbaycan Respublikasındakı Fövqəladə və Səlahiyyətli Səfiri cənab Manuel Monteneqro dəvət olunb.
Daha sonra Azərbaycan Dövlət Fortepiano Triosu və Azərbaycan Dövlət Simli Kvartetinin ifasında Francisco Braga, Capiba, Heitor Villa-Lobos, Francisco Mignonenin əsərləri səslənib.
Qeyd edək ki, Azərbaycan Dövlət Fortepiano Triosu 2002-ci ilin sentyabr ayında Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin təşəbbüsü ilə yaradılmışdır. Trionun tərkibinə Azərbaycan Respublikasının Əməkdar artistləri - Töhfə Babayeva (violin, bədii rəhbər), Elnarə Kəbirlinskaya (piano) və Səbinə İbrahimova (cello) daxildir.
Trionun repertuarı Azərbaycan və xarici bəstəkarların klassik və müasir dövr əsərləri ilə zəngindir. Ü.Hacıbəyli, Q.Qarayev, F.Əmirov, O.Zülfüqarov, M.Mirzəyev, S.Fərəcovun əsərləri ilə yanaşı, trio gənc bəstəkarlarının əsərlərinin də yorulmaz təbliğçisidir. Kollektiv mütəmadi olaraq Filarmoniyanın, Kamera və Orqan musiqisi zalının səhnələrində, dövlət tədbirlərində - həm Azərbaycanda, həm də xarici ölkələrdə (Rusiya, Türkiyə, Almaniya və s.) uğurla çıxış edir, S.Ələsgərov adına mükafatın laureatıdır.
Azərbaycan Dövlət Simli Kvarteti 1998-ci ildə yaradılıb. Kvartetin repertuarı Azərbaycan və xarici bəstəkarların klassik və çağdaş əsərləri ilə zəngindir.
Simli kvartetin tərkibi: Azərbaycan Respublikasının Əməkdar artistləri Ceyla Seyidova (I violin), Soltan Məmmədova (II violin), Vaxtanq İmanov (viola), Aleksey Miltıx (violonçel).
Simli Kvartet 1998-ci ilin sentyabrında Parisdə YUNESKO xətti ilə keçirilən dahi bəstəkar Q.Qarayevə həsr edilən konsertdə, 2000-ci ildə İstanbul şəhərində Cəmil Rəşid Rey konsert salonunda uğurla çıxış etmişdir. Dəfələrlə M.Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasının səhnəsində, Kamera və Orqan Musiqisi Zalında, Azərbaycanda və xarici ölkələrdə dövlət xətti ilə keçirilən tədbirlərdə uğurla çıxış etmişdir.