BAKI / TurkicWorld / - Noyabrın 14-də Xankəndi şəhərində Türk Dövlətlərinin Xüsusi Xidmət Orqanları Konfransının “Beynəlxalq nəqliyyat xətlərinin təhlükəsizliyinin təmin edilməsində xüsusi xidmət orqanlarının rolu” mövzusunda XXVII plenar iclası keçirilib.
Bu barədə Azərbaycan Dövlət Təhlükəsizliyi Xidmətindən (DTX) TurkicWorld -ə məlumat verilib.
Tədbirdə Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi, general-polkovnik Əli Nağıyev, Xarici Kəşfiyyat Xidmətinin rəisi, general-polkovnik Orxan Sultanov, Türkiyə, Qazaxıstan, Özbəkistan və Qırğızıstanın müvafiq xidmət orqanlarının rəhbərləri, Macarıstan nümayəndəsi fəxri qonaq qismində iştirak ediblər.
Tədbiri giriş sözü ilə açan Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi, general-polkovnik Əli Nağıyev Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tədbir iştirakçılarına müraciətini oxumuş, plenar iclasın mövzusu ilə bağlı geniş nitq söyləmişdir. Müasir dövrdə beynəlxalq sabitliyə çoxsaylı təhdidlərin qlobal nəqliyyat və kommunikasiya xətlərinin təhlükəsizliyindən də yan keçmədiyini qeyd edərək, türk dövlətlərinin mühüm nəqliyyat şəbəkələri üzərində yerləşdiyini diqqətə çatdıran Xidmət rəisi qeyd edib ki, bu nəqliyyat marşrutlarının təhlükəsizliyini təmin etmək üçün adıçəkilən ölkələr arasında bu sahədə əməkdaşlığın davamlı şəkildə gücləndirilməsi, birgə səylərin daha da intensivləşdirilməsi və daim səfərbər olunması vacibdir.
General-polkovnik Əli Nağıyev beynəlxalq nəqliyyat və kommunikasiya xətlərinin təhlükəsiz istismarının təmin edilməsində, onların beynəlxalq terrorizmdən, transmilli mütəşəkkil cinayətkarlıqdan, qaçaqmalçılıqdan və digər neqativ hallardan qorunmasında xüsusi xidmət orqanlarının rolundan da ətraflı danışıb.
Vurğulanıb ki, bəzi dağıdıcı dairələr Uzaq Şərqdən Avropaya qədər uzanan Orta Dəhlizin mühüm tərkib hissəsi olan Zəngəzur dəhlizinin reallaşdırılmasına hər cür mane olmağa çalışır və bu amil bu istiqamətdə etibarlı təhlükəsizliyi ən mühüm vəzifələrdən birinə çevirir.
Tədbir digər iştirakçıların təqdimatları və müzakirələrlə davam edib və sonda plenar iclasın yekun sənədi imzalanıb.





