KİV-lər İranda strateji obyektlərdə partlayışlar barədə məlumat yayıb

KİV-lər İranda strateji obyektlərdə partlayışlar barədə məlumat yayıb

Bakı. Trend:

Bazar gününə keçən gecə İranda hərbi infrastruktur obyektlərində silsilə güclü partlayışlar baş verib. Bir sıra şəhərlərdə hava xəbərdarlığı elan edilib.

Trend xəbər verir ki, bu barədə "BBC News" agentliyi məlumat yayıb.

İRNA xəbər agentliyinin məlumatına görə, Şərqi Azərbaycan əyalətinin Şəhid-Səlimi şəhərində avtomobil yağı zavodunda yanğın baş verib.

"Tasnim" xəbər agentliyi hərbi anbar və silah istehsalı üzrə zavodun yerləşdiyi hərbi mərkəzin pilotsuz təyyarələrin hücumuna məruz qaldığını bildirir.

Partlayış səsləri Tehranda da eşidilir, şahidlərin sözlərinə görə, təyyarələr İran paytaxtı üzərində səmaya qaldırılıb. Yerli sakinlərin sözlərinə görə, Tehranda hökumət binalarına hücum edilib.

Hazırda ölən və yaralananlar barədə məlumat yoxdur.

Xatırladaq ki, daha əvvəl İran Müdafiə Nazirliyinin mərkəzlərindən birində yerləşən silahqayırma zavodunda partlayışların pilotsuz uçuş aparatlarının hücumu nəticəsində baş verdiyi bildirilmişdi.

"28 yanvar 2023-cü il axşam saat 23:30 (Bakı vaxtı ilə 23:00) radələrində Müdafiə Nazirliyinin mərkəzlərindən birinə pilotsuz uçuş aparatlarından istifadə etməklə uğursuz hücum həyata keçirilib. PUA-lardan biri hava hücumundan müdafiə sistemi tərəfindən vurulub, digər ikisi isə müdafiə tələlərinə düşərək partlayıb", - deyə açıqlamada bildirilib.

Digər partlayışların və məlumatların rəsmi təsdiqi yoxdur.