Bakı, TurkicWorld
Avropa Liqasının V turu çərçivəsində Gürcüstanın Batumi şəhər stadionunda keçirilən "Beşiktaş" (Türkiyə) - "Hapoel Beer-Şeva" (İsrail) matçında tribunada meydana gələn iğtişaşlarla əlaqədar 16 nəfər saxlanılıb.
Bu barədə "Prime Time" (Gürcüstan) nəşri ölkənin Daxili İşlər Nazirliyinin bəyanatına istinadən məlumat yayıb.
Toqquşmalar nəticəsində üç polis əməkdaşı xəsarət alıb.
"Azarkeşlərin zorakı hərəkətləri nəticəsində Daxili İşlər Nazirliyinin üç əməkdaşı müxtəlif dərəcəli xəsarətlər alıb. Hüquqazidd əməllərə görə 16 nəfər saxlanılıb", – deyə nazirliyin bəyanatında qeyd olunub.
Nazirliyin məlumatına görə, "Beşiktaş" azarkeşlərinin bir qismi hələ stadiona gedərkən təxribat xarakterli davranışlar nümayiş etdirib. Onlar nalayiq ifadələr səsləndirib, müxtəlif əşyalar atıb və polisə müqavimət göstəriblər.
DİN-in bildirdiyinə görə, bu cür hərəkətlər stadionun ərazisində də davam edib. Azarkeşlər stadionun infrastrukturuna ziyan vurub, polis əməkdaşlarına oturacaqlar atıblar. İctimai asayişin təmin edilməsi məqsədilə polis, o cümlədən xüsusi vasitələrdən istifadə edib.
Gürcüstan Daxili İşlər Nazirliyi polisin "Beşiktaş" azarkeşlərinin Fələstinə dəstək məqsədilə bayraqlar və bannerlər açmasına görə güc tətbiq etdiyi barədə məlumatları təkzib edib.
Nazirlikdən bildirilib ki, Gürcüstan ərazisində vətəndaşlığından və milliyyətindən asılı olmayaraq hər kəs qanunlara əməl etməlidir. Hüquq-mühafizə orqanlarının əməkdaşlarına qarşı istənilən hücumun və ictimai asayişin kobud şəkildə pozulmasının qarşısı polis tərəfindən alınacaq.
Qeyd edək ki, UEFA Avropa Liqasının V turu çərçivəsində Batumidə keçirilən "Beşiktaş" – "Hapoel Beer-Şeva" matçı Türkiyə təmsilçisinin 2:1 hesablı qələbəsi ilə başa çatıb.

