BAKI,TurkicWorld
Türkiyədə Yenilik Partiyasının sədri Öztürk Yılmaz Yeni Partiyə birləşmə təklif edib və seçkilərə hazırlıqla bağlı yaranan problemlərin həlli üçün oktyabrın 5-dək qərar verilməsini istəyib.
TurkicWorld xəbər verir ki, Yenilik Partiyasının rəhbərliyi və Egemenlik Məclisi Yeni Partiyanın adı ilə bağlı yaranmış hüquqi mübahisələri müzakirə etmək üçün fövqəladə birgə iclas keçirib.
İclasdan sonra açıqlama verən Öztürk Yılmaz bildirib ki, iki partiyanın birləşməsi halında mövcud problemlərin qısa müddətdə həll edilə biləcəyini düşünür.
O qeyd edib ki, birləşmə baş tutarsa, Yeni Partiyanın ad məsələsi, seçkilərə qatılmaq üçün tələb olunan hüquqi şərtlər və təşkilati məsələlər eyni vaxtda həll oluna bilər.
Yılmaz bildirib ki, təklif edilən yol xəritəsinə əsasən, tərəflər 15 gün ərzində birləşmə prosesini tamamlaya bilər.
“Birinci addım ad məsələsinin həlli, ikinci addım seçki hüququ ilə bağlı məsələlərin aradan qaldırılması, üçüncü addım isə siyasi birlik yaradılmasıdır”, - deyə Yenilik Partiyasının rəhbəri bildirib.
O əlavə edib ki, Yeni Partiya ayrıca fəaliyyət göstərmək qərarı verərsə, ad dəyişikliyi mümkün olsa da, seçkilərə qatılmaq üçün tələb olunan şərtlərin yerinə yetirilməsi ilə bağlı əlavə vaxt problemi yarana bilər.
Öztürk Yılmaz vurğulayıb ki, Yenilik Partiyası seçkilərdə iştirak hüququ əldə etmək üçün uzun müddət çalışıb və bu səbəbdən partiyaların birləşməsini çıxış yolu hesab edir.
Qeyd edək ki, Yeni Partiyanın adı ilə bağlı hüquqi proseslərə görə tərəflər arasında müzakirələr davam edir.







