Son dəqiqə

ABŞ Enerji təhlükəsizliyi Neft Bazarı Neft Qiymətləri ABŞ Energetika Nazirliyi neft ehtiyatları Strateji Neft Ehtiyatı Meksika körfəzi

ABŞ-nin Strateji Neft Ehtiyatı nədir və niyə mühüm əhəmiyyət daşıyır?

BAKI,TurkicWorld,Yusif Şərifzadə

ABŞ-nin Strateji Neft Ehtiyatı ölkənin fövqəladə vəziyyətlər zamanı enerji təhlükəsizliyini qorumaq məqsədilə saxladığı böyük həcmdə xam neft ehtiyatıdır. Ehtiyat 1975-ci ildə ərəb ölkələrinin neft embarqosundan sonra yaradılıb və enerji böhranları zamanı bazara əlavə neft çıxarmaq üçün nəzərdə tutulub.

TurkicWorld xəbər verir ki, hazırda ABŞ-nin Strateji Neft Ehtiyatında təxminən 290 milyon barrel neft saxlanılır. Bu göstərici ehtiyatın təxminən 700 milyon barrellik ümumi tutumunun yarısından da azdır və 1983-cü ildən bəri ən aşağı səviyyə hesab olunur.

Ehtiyatdakı neft Meksika körfəzi sahillərində yerləşən 61 duz mağarasında saxlanılır. Bu yeraltı anbarlar fövqəladə vəziyyətlərdə böyük həcmdə neftin saxlanılması və lazım gəldikdə bazara çıxarılması üçün istifadə olunur.

Son illərdə ehtiyatın həcmi əhəmiyyətli dərəcədə azalıb. Rusiya-Ukrayna müharibəsi dövründə, eləcə də bu il Hörmüz boğazının bağlanmasından sonra ehtiyatdan böyük həcmdə neft istifadə edilib.

ABŞ-nin Hesabatlılıq İdarəsinin son hesabatında ehtiyatın köhnələn infrastrukturunun gələcək fövqəladə vəziyyətlər zamanı neftin sürətlə bazara çıxarılmasına mane ola biləcəyi barədə xəbərdarlıq edilib.

Məlumata görə, hazırda Strateji Neft Ehtiyatının təxminən dörddəbir hissəsindən neft çıxarmaq mümkün deyil. Bu vəziyyət böyük enerji böhranı baş verəcəyi təqdirdə ABŞ-nin bazara sürətli müdaxilə imkanlarını məhdudlaşdıra bilər.

ABŞ Energetika Nazirliyi ehtiyatın infrastrukturunun təmiri üçün 1,4 milyard dollar ayırıb. Lakin rəsmilər bütün sistemin tam bərpasının yeddi ilədək davam edə biləcəyini bildiriblər.

Mövzuya görə xəbərlər