Son dəqiqə

Saudi Aramco Birləşmiş Ərəb Əmirlikləri neft Səudiyyə Ərəbistanı Hörmüz boğazı Füceyrə Əl-Cüeymə Ras Tənnurə

Səudiyyə Ərəbistanı Hörmüzdən neft ixracını bərpa edir

BAKI,TurkicWorld,Yusif Şərifzadə

Səudiyyə Ərəbistanının dövlət neft şirkəti “Saudi Aramco” Hörmüz boğazı daxilində yerləşən limanlardan neft yükləmələrini yenidən həyata keçirməyə başlayıb. Gəmiçilik məlumatlarına və neft ticarəti ilə məşğul olan mənbələrə görə, hazırda daha bir neçə tanker yük götürmək üçün növbə gözləyir.

TurkicWorld xəbər verir ki, “Saudi Aramco” bazar ertəsi Asiyadakı neft emalı müəssisələrinə “Arab Medium” və “Arab Heavy” növlü xam neft təklif edib. Yüklərin Birləşmiş Ərəb Əmirliklərinin Füceyrə əmirliyi sahillərində tankerdən tankerə köçürülməsi nəzərdə tutulur.

Səudiyyə Ərəbistanı şirkəti ötən ay Hörmüz boğazında ona məxsus tanker donanmasına hücumlar edildikdən sonra bu istiqamətdə satışları bir neçə həftə dayandırmışdı. Yükləmələrin bərpası Səudiyyə Ərəbistanının bölgədən neft ixracının tədricən əvvəlki qaydaya qaytarılmasına çalışdığını göstərir.

Məlumata görə, avqustun 12-dən 16-dək üç nəhəng xam neft tankeri Əl-Cüeymə və Ras Tənnurə limanlarından yük götürüb. “Malaysia Prosperity”, “Algeria Prosperity” və “Singapore Prosperity” adlı tankerlərin hər birinə iki milyon barel xam neft yüklənib. Beləliklə, üç tanker ümumilikdə altı milyon barel neft daşıyıb.

Mütəxəssislər hesab edirlər ki, Səudiyyə Ərəbistanının neft ixracını bərpa etməsi bazarda daha ağır xam neft növlərinin çatışmazlığını azalda bilər. Bu növ xam neftin emalı nəticəsində daha çox qalıq yanacaq əldə olunur. Həmin yanacaq gəmilərdə istifadə edilə və ya əlavə emaldan sonra benzin və dizel yanacağı kimi məhsulların istehsalına yönəldilə bilər.

“Saudi Aramco” məsələ ilə bağlı şərh verməkdən imtina edib. Tankerlərin sahibi olan Cənubi Koreyanın “Sinokor” şirkəti də “Reuters”in şərh sorğusuna cavab verməyib.

Mövzuya görə xəbərlər