BAKI,TurkicWorld,Yusif Şərifzadə
ABŞ-nin Türkiyədəki səfiri, eyni zamanda Suriya və İraq üzrə xüsusi prezident nümayəndəsi Tom Barrak İsrailin Suriyanın İdlib vilayətində yerləşən Əbu əz-Zuhur hərbi hava limanına endirdiyi hava zərbələrindən Vaşinqtonun “dərin narahatlıq” keçirdiyini bildirib. Barrak hücumları bölgədə sabitliyə xidmət etməyən “lazımsız gərginlik” kimi qiymətləndirib.
TurkicWorld xəbər verir ki, Tom Barrak sosial şəbəkədə yaydığı açıqlamada Əhməd əş-Şaraa hökumətinin İsrailə qarşı təcavüzkar mövqe tutmadığını və özünə bağlı silahlı qüvvələr saxlamadığını bildirib. Onun sözlərinə görə, Dəməşq rəhbərliyi İsraillə münasibətlərdə gərginliyin azaldılmasına üstünlük verdiyini dəfələrlə nümayiş etdirib.
ABŞ rəsmisi Vaşinqtonun tərəflər arasında hərbi qarşıdurma əvəzinə diplomatik təmasların davam etdirilməsinin tərəfdarı olduğunu vurğulayıb. Barrak bildirib ki, uzunmüddətli gərginliyin azaldılmasına dair razılaşmalar bütün aidiyyəti ölkələr və tərəflərlə davamlı danışıqlar nəticəsində əldə edilə bilər.
O, ABŞ-nin təmkin və qarşılıqlı təmasları daha səmərəli yol hesab etdiyini qeyd edib. Barrak bütün tərəfləri yeni hərbi hadisələrə yol vermək əvəzinə məntiqli dialoqa üstünlük verməyə çağırıb.
Suriya dövlət mediasının məlumatına görə, Əbu əz-Zuhur hərbi hava limanına səkkiz hava zərbəsi endirilib. Hücum nəticəsində uçuş-enmə zolaqları və saxlanc yerləri zədələnsə də, insan itkisi qeydə alınmayıb.
Suriya Xarici İşlər Nazirliyi də hücumları ölkənin suverenliyi və ərazi bütövlüyünün pozulması kimi qiymətləndirərək kəskin şəkildə pisləyib. İsrail tərəfi isə zərbələrlə bağlı rəsmi açıqlama verməyib.







