Son dəqiqə

Çin neft Yaxın Şərq Oman Hörmüz boğazı Neft tankerləri Füceyrə

Çinin dövlət gəmiçilik şirkətləri neft tankerlərini Körfəzdən kənara yönəldib

BAKI,TurkicWorld,Yusif Şərifzadə

Çinin dövlət nəzarətində olan iki iri gəmiçilik şirkəti Yaxın Şərqdə təhlükəsizlik risklərinin artması səbəbindən neft tankerlərini Hörmüz və Bab əl-Məndəb boğazlarından keçirməyi dayandırıb. Şirkətlər bunun əvəzinə Körfəzdən kənarda neft yüklərinin qəbuluna üstünlük verirlər.

TurkicWorld xəbər verir ki, söhbət Çinin dövlət nəzarətində olan “COSCO Shipping Energy Transportation” və “China Merchants Energy Shipping” şirkətlərindən gedir. “Reuters”in gəmiçilik sahəsindəki mənbələrə və gəmilərin hərəkətini izləyən məlumatlara əsaslanan xəbərinə görə, hər iki şirkət iyulun sonlarından etibarən tankerlərini Hörmüz və Bab əl-Məndəb boğazlarından uzaq saxlayır.

“China Merchants Energy Shipping” iyulun sonunda sərmayəçilərə bildirib ki, şirkətin gəmiləri hələlik Hörmüz boğazına daxil olmayacaq. Şirkət digər gəmiçilik müəssisələrinin də Qırmızı dənizin cənubunda yerləşən Bab əl-Məndəb boğazından yayınmağa başladığını açıqlayıb.

Yeni daşınma qaydasına əsasən, Çin tankerlərinin bir hissəsi nefti Birləşmiş Ərəb Əmirliklərinin Füceyrə əmirliyi və Oman sahilləri yaxınlığında digər gəmilərdən qəbul edir. Bu üsul tankerlərin təhlükəli hesab edilən Hörmüz boğazına daxil olmadan neft yükünü götürməsinə imkan verir.

Məlumata görə, iki şirkətin ümumilikdə 100-dən çox iri neft tankeri var. Bu tankerlərin hər biri təxminən iki milyon barel xam neft daşımaq imkanına malikdir. ABŞ və İsrailin İranla müharibəsi başlamazdan əvvəl həmin iki şirkət Çinin Yaxın Şərqdən xam neft idxalının təxminən yarısının daşınmasını həyata keçirirdi.

Yaranmış vəziyyət Çin üçün neft daşımalarının müddətini uzadıb və tankerlərdən istifadənin səmərəliliyini azaldıb. Bununla yanaşı, bölgədəki təhlükəsizlik riskləri neft daşınması xərclərinin kəskin yüksəlməsinə səbəb olub.

Mövzuya görə xəbərlər