BAKI,TurkicWorld
Avropa futbol qurumu FİFA-nın özəl investorlara açılması layihəsinə qarşı çıxan əsas tərəflərdən biri kimi, dünya futbolunun rəhbəri Canni İnfantinonun geri addımına baxmayaraq, vəzifəsini tərk etməsinə çalışır.
Bu barədə Le Monde nəşri məlumat yayıb.
"O, mümkün qədər tez getməlidir. Artıq seçim budur: ya o, ya da futbol!" – Avropa futbol rəhbərlərindən biri Le Monde qəzetinə bildirib. Onun sözlərinə görə, UEFA Canni İnfantinoya təzyiqi azaltmır və onun istefasına nail olmağa çalışır.
Futbol üzrə Beynəlxalq Federasiyalar Assosiasiyasının prezidenti Canni İnfantino təşkilatın özəl investorlara açılması planına qarşı geniş etirazlardan sonra bu təşəbbüsdən imtina etdiyini açıqlasa da, UEFA italiya-İsveçrə əsilli funksioneri tənqid etməyə davam edir.
Avqustun 1-də yaydığı bəyanatda UEFA İnfantinonun geri addım atmasını müsbət qiymətləndirib və "FIFA prezidentinə futbolun satılmadığını göstərən" hər kəsə təşəkkür edib.
Lakin Sloveniyalı Aleksander Çeferinin rəhbərlik etdiyi qurum bununla kifayətlənməyib. UEFA bildirib ki, Canni İnfantino həm qurumun, həm də "futbol ailəsinin bir çox digər üzvünün" etimadını itirib və buna görə də vəzifəsini tərk etməlidir.
"Biz gizli şəkildə hazırlanmış, tələsik işlənmiş, anonim şəxslər tərəfindən irəli sürülən və futbol üçün faydası olduqca şübhəli olan layihələrlə bu cür davam edə bilmərik. Məsul şəxslər müəyyən edilməli və onlar cavab verməlidirlər", – bəyanatda qeyd olunub.







