BAKI,TurkicWorld,Yusif Şərifzadə
İran İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) Hörmüz boğazından keçməyə çalışan iki neft tankerini vuraraq dayandırdığını açıqlayıb.
TurkicWorld xəbər verir ki, İranın Fars xəbər agentliyinin yaydığı məlumata görə, SEPAH tankerləri İranın müəyyən etdiyi qaydaları pozmaqda və icazəsiz marşrutdan istifadə etməyə cəhd göstərməkdə ittiham edib.
Bildirilib ki, İran tərəfinin iddiasına əsasən, ABŞ hərbi qüvvələrinin havadan müşayiət etdiyi deyilən iki tanker İranın xəbərdarlıqlarına məhəl qoymadıqdan sonra dayandırılıb.
SEPAH həmçinin Hörmüz boğazında hərəkət edən daha dörd neft tankerinin marşrutunu dəyişərək əvvəlki mövqelərinə qayıtdığını iddia edib.
Qurum bəyan edib ki, ABŞ hərbi qüvvələrinin bölgədəki gəmilərə verəcəyi hər hansı göstəriş və müdaxilə cavabsız qalmayacaq.
İranın dövlət televiziyası IRIB tərəfindən yayımlanan növbəti açıqlamada isə SEPAH Hörmüz boğazından keçən bütün gəmilərin İran Hərbi Dəniz Qüvvələri ilə əvvəlcədən koordinasiya aparmalı olduqlarını bildirib.
Bununla yanaşı, ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) hələlik bu iddialara münasibət bildirməyib. Böyük Britaniyanın Dəniz Ticarəti Əməliyyatları Mərkəzi (UKMTO) də boğazda hər hansı hücum barədə məlumat yaymayıb.







