Son dəqiqə

İran ABŞ Bəndər-Abbas telekommunikasiya internet Hörmüzqan Rabitə qüllələri

ABŞ hücumları İranın cənubunda 116 rabitə qülləsini sıradan çıxarıb

BAKI,TurkicWorld,Yusif Şərifzadə

ABŞ-ın gecə saatlarında İranın cənubundakı Hörmüzqan vilayətinə endirdiyi zərbələr nəticəsində 116 telekommunikasiya qülləsi fəaliyyətdən dayanıb, bəzi ərazilərdə telefon və internet əlaqəsində ciddi fasilələr yaranıb.

TurkicWorld xəbər verir ki, Hörmüzqan vilayətinin rabitə və informasiya texnologiyaları idarəsinin rəhbəri hücumların vilayətin şimalında yerləşən Bəndər-Abbas və Hacıabad şəhərlərində telekommunikasiya xidmətlərini pozduğunu bildirib.

İranın “Tasnim” xəbər agentliyinin məlumatına görə, zərbələrdən sonra 116 rabitə qülləsi xidmətdən çıxarılıb. Nəticədə bəzi yaşayış məntəqələrində sabit telefon, mobil rabitə və internet xidmətlərində fasilələr qeydə alınıb.

Rəsmi açıqlamada rabitə infrastrukturuna dəyən ziyanın miqyası və xidmətlərin nə vaxt tam bərpa olunacağı barədə dəqiq məlumat verilməyib. Mütəxəssislərin sıradan çıxmış qurğuların bərpası üzərində çalışdığı bildirilir.

Hörmüzqan İranın cənubunda, Hörmüz boğazı sahilində yerləşən strateji vilayətdir. Vilayətin inzibati mərkəzi olan Bəndər-Abbas ölkənin əsas liman və ticarət mərkəzlərindən biri hesab olunur.

Telekommunikasiya şəbəkəsinin sıradan çıxması bölgədə gündəlik həyatla yanaşı, fövqəladə xidmətlərin, nəqliyyatın və ticarət fəaliyyətinin əlaqələndirilməsinə də mənfi təsir göstərə bilər.

ABŞ tərəfi İran rəsmilərinin açıqladığı 116 rabitə qülləsinin sıradan çıxması barədə məlumata hələlik münasibət bildirməyib. İddialar müstəqil mənbələr tərəfindən təsdiqlənməyib.

Mövzuya görə xəbərlər