Son dəqiqə

İran ABŞ Avropa Enerji təhlükəsizliyi Hörmüz boğazı Neft Bazarı qlobal ticarət İslam İnqilabı Keşikçiləri Korpusu Bab əl-Məndəb

ABŞ təzyiqləri qlobal enerji bazarını və Avropanı sarsıda bilər - İran

BAKI,TurkicWorld,Yusif Şərifzadə

İran İslam İnqilabı Keşikçiləri Korpusunun baş komandanının sözçüsü Həmid Rza Müqəddəmfər bildirib ki, ABŞ-ın Tehrana qarşı dəniz və iqtisadi təzyiqlərinin nəticələri yalnız ABŞ-la məhdudlaşmayacaq, enerji və iqtisadiyyat sahələrində Avropa ölkələrinə də təsir göstərəcək.

TurkicWorld xəbər verir ki, İranın “Tasnim” xəbər agentliyinin yaydığı məlumata əsasən, Müqəddəmfər Hörmüz boğazı və Bab əl-Məndəb boğazını regional və qlobal proseslərdə mühüm strateji keçidlər adlandırıb. Onun sözlərinə görə, bu iki dəniz yolu dünya enerji təchizatına, beynəlxalq ticarətə və təhlükəsizlik tarazlığına ciddi təsir göstərmək imkanına malikdir.

İran rəsmisi Vaşinqtonun Tehran üzərində hərbi, dəniz və iqtisadi təzyiqləri artırmasının qlobal enerji bazarında yeni böhran yarada biləcəyini iddia edib. O, mümkün nəticələrin neft və qaz qiymətlərinin artması, ticarət marşrutlarının pozulması və Avropa iqtisadiyyatlarında əlavə təzyiq kimi üzə çıxa biləcəyini bildirib.

Hörmüz boğazı Körfəz ölkələrinin enerji ixracı üçün əsas dəniz yollarından biri hesab olunur. Bab əl-Məndəb isə Qırmızı dənizi Ədən körfəzi və Hind okeanı ilə birləşdirərək Avropa ilə Asiya arasındakı ticarətdə mühüm rol oynayır.

Müqəddəmfərin açıqlaması ABŞ ilə İran arasında gərginliyin daha da artdığı və regional dəniz yollarının təhlükəsizliyi ilə bağlı narahatlıqların gücləndiyi bir dövrə təsadüf edir.

Mövzuya görə xəbərlər