BAKI,TurkicWorld,Yusif Şərifzadə
ABŞ-ın Hörmüz boğazından keçən gəmilərə ödəniş tətbiq etmək hədəsi Vaşinqtonun İranla bağlı siyasətinin ardıcıllığı barədə müzakirələrə səbəb olub.
TurkicWorld xəbər verir ki, London Kral Kollecinin eksperti Rob Qayst Pinfold ABŞ-ın bu addımını tənqid edərək, Vaşinqtonun İranla qarşıdurmaya aydın və vahid strategiya olmadan daxil olduğunu bildirib.
Ekspertin sözlərinə görə, ABŞ və müttəfiqləri uzun müddət Hörmüz boğazının azad və açıq beynəlxalq su yolu olaraq qalmalı olduğunu müdafiə ediblər.
Lakin son günlər ABŞ Prezidenti Donald Tramp İranın addımlarına cavab olaraq boğazdan keçən yüklərə 20 faizlik ödəniş tətbiq edilə biləcəyini açıqlayıb.
Rob Qayst Pinfold bildirib ki, bu vəziyyət ziddiyyətli görünür. Onun fikrincə, ABŞ uzun müddət İranın regionda gündəliyi formalaşdırmaq imkanlarını düzgün qiymətləndirməyib.
Ekspert qeyd edib ki, nəticədə Vaşinqton vəziyyəti idarə etməkdə çətinlik çəkir və prezident Tramp tərəfindən məntiqsiz görünən bəzi açıqlamalar səslənir.
Onun sözlərinə görə, ABŞ əvvəlcə Hörmüz boğazını açıq saxlamağı hədəfləsə də, hazırda İranla ödəniş məsələsində rəqabətə girib və qarşısını almaq istədiyi yanaşmaya bənzər addımlar atır.
Hörmüz boğazı qlobal enerji daşımaları üçün strateji əhəmiyyət daşıyır və burada yaranan istənilən məhdudiyyət dünya bazarlarına təsir göstərə bilər.







