BAKI,TurkicWorld,Yusif Şərifzadə
İran ABŞ-ı Hörmüz boğazına müdaxilə etməklə qlobal enerji təchizatının təhlükəsizliyini ciddi şəkildə riskə atmaqda ittiham edib. Tehran strateji su yoluna nəzarəti davam etdirdiyini bildirib.
TurkicWorld xəbər verir ki, İranın Xatəm əl-Ənbiya Mərkəzi Qərargahının sözçüsü İbrahim Zülfüqari ABŞ-ın Hörmüz boğazındakı fəaliyyətinin dünya enerji daşımaları üçün təhlükə yaratdığını iddia edib.
İbrahim Zülfüqari bildirib ki, İran Hörmüz boğazı üzərində öz səlahiyyətlərini və nəzarətini qorumaqda davam edir. Onun sözlərinə görə, Tehran bu ərazidə təhlükəsizliyin təmin edilməsinə xüsusi diqqət yetirir.
İran rəsmisi bəzi region ölkələrinin ABŞ ilə əməkdaşlığının münaqişənin daha geniş əraziyə yayılması riskini artırdığını vurğulayıb.
Hörmüz boğazı dünya enerji ticarətinin ən mühüm marşrutlarından biri hesab olunur. Bu su yolundan böyük həcmdə neft və qaz daşınır və burada yaranan hər hansı gərginlik qlobal enerji bazarlarına təsir göstərə bilər.
ABŞ və İran arasında Hörmüz boğazı ilə bağlı qarşılıqlı ittihamlar son dövrdə artıb. Tərəflər strateji su yolunun təhlükəsizliyi və nəzarəti məsələsində fərqli mövqelər nümayiş etdirirlər.







