BAKI,TurkicWorld,Yusif Şərifzadə
İran paytaxtında ABŞ və İsrailin hücumları nəticəsində zərər gördüyü bildirilən on minlərlə yaşayış mənzilinin bərpasına başlanılıb. Təmir işlərinin böyük hissəsinin başa çatdığı açıqlanıb.
TurkicWorld xəbər verir ki, Tehran Fövqəladə Halların Qarşısının Alınması və İdarə Edilməsi Təşkilatının məlumatına görə, paytaxtda yüngül və orta dərəcədə zərər görmüş təxminən 50 min yaşayış vahidinin 95 faizindən çoxu artıq təmir edilib.
İranın İSNA xəbər agentliyinin yaydığı məlumata əsasən, sökülməsi tələb olunan 2 min 135 mənzilin təxminən üçdə ikisi ilə bağlı da müəyyən irəliləyiş əldə olunub.
Bildirilib ki, zərər çəkmiş ailələrin bir hissəsi müvəqqəti olaraq yerləşdirilib. Təxminən 200 ailənin hotellərdə qaldığı, daha 1 800 ailəyə isə yeni yaşayış yeri üçün ilkin ödəniş vəsaitinin təqdim edildiyi qeyd olunub.
İran hakimiyyəti bərpa işlərinin sürətlə davam etdirildiyini və zərər çəkmiş sakinlərin yaşayış şəraitinin mümkün qədər tez bərpa edilməsinin əsas məqsədlərdən biri olduğunu bildirib.
Paytaxt Tehranda aparılan bərpa işləri ABŞ və İsrail ilə İran arasında hərbi qarşıdurmanın nəticələrinin aradan qaldırılması istiqamətində həyata keçirilən tədbirlər çərçivəsində təqdim olunur.







