Son dəqiqə

İran ABŞ təhlükəsizlik Hörmüz boğazı İran Silahlı Qüvvələri Xatəm əl-Ənbiya Mərkəzi Qərargahı İbrahim Zülfüqari

İran ABŞ-a Hörmüz boğazı ilə bağlı sərt xəbərdarlıq edib

BAKI,TurkicWorld,Yusif Şərifzadə

İran silahlı qüvvələrinin vahid komandanlığı ABŞ-ın Hörmüz boğazının idarə olunmasına müdaxilə etməsinə imkan verməyəcəklərini açıqlayıb. Tehran Vaşinqtonla əməkdaşlıq edən ölkələrə qarşı da sərt xəbərdarlıq edib.

TurkicWorld xəbər verir ki, İranın Xatəm əl-Ənbiya Mərkəzi Qərargahının sözçüsü İbrahim Zülfüqari dövlət televiziyasına açıqlamasında ABŞ-ın Hörmüz boğazına müdaxilə cəhdlərinə qarşı çıxacaqlarını bildirib.

İbrahim Zülfüqari qeyd edib ki, İran Hörmüz boğazının idarə edilməsinə ABŞ-ın müdaxilə etməsinə heç vaxt icazə verməyəcək. O bildirib ki, Tehran tərəfindən müəyyən edilən marşrutdan kənarda hər hansı pozuntu və təhlükəsizlik təhdidinə qarşı sərt tədbirlər görüləcək.

İran rəsmisinin sözlərinə görə, ABŞ ilə əməkdaşlıq və Vaşinqtonun hərbi qüvvələrinə maddi-texniki dəstək göstərilməsi İranın suverenliyinə və milli təhlükəsizliyinə qarşı müharibə kimi qiymətləndiriləcək.

Zülfüqari xəbərdarlıq edib ki, mövcud qarşıdurma genişlənərsə, müharibə regionun bütün ölkələrini əhatə edə bilər.

Hörmüz boğazı ətrafında gərginlik ABŞ və İran arasında artan qarşıdurmanın əsas istiqamətlərindən birinə çevrilib. Bu su yolu dünya enerji daşımaları üçün strateji əhəmiyyət daşıdığı üçün bölgədə baş verən hadisələr beynəlxalq bazarlarda da diqqətlə izlənilir.

Mövzuya görə xəbərlər