BAKI,TurkicWorld,Yusif Şərifzadə
ABŞ Prezidenti Donald Tramp ölkəsinin Hörmüz boğazına nəzarəti öz üzərinə götürəcəyini və bu fəaliyyətə görə digər ölkələrdən maliyyə ödənişi tələb edəcəyini bildirib. Onun sözlərinə görə, ABŞ strateji əhəmiyyət daşıyan bu su yolunun “qoruyucusu” rolunu yerinə yetirə bilər.
TurkicWorld xəbər verir ki, Donald Tramp “Foks Nyus” telekanalına telefon müsahibəsində ABŞ-ın Hörmüz boğazını qoruyacağını və ehtimal ki, onun idarə edilməsində əsas rol oynayacağını deyib. O bildirib ki, bu fəaliyyətə görə ölkələr tərəfindən kompensasiya ödənilməlidir.
Tramp qeyd edib ki, ABŞ Hörmüz boğazının təhlükəsizliyini təmin etmək üçün böyük maliyyə xərcləri çəkəcək və bunun qarşılığında digər varlı ölkələrdən ödəniş almalıdır.
ABŞ Prezidenti bildirib ki, bölgədəki bəzi ölkələr Vaşinqtonun tərəfdaşıdır və ABŞ-ın bu missiyanı qarşılıqsız həyata keçirməsi gözlənilə bilməz.
Son günlər ABŞ hərbi qüvvələri ilə İranın İnqilab Keşikçiləri Korpusu arasında qarşıdurmaların artdığı bildirilir. Tərəflər dünyanın ən mühüm enerji marşrutlarından biri hesab olunan Hörmüz boğazında təsirlərini gücləndirməyə çalışırlar.
Hörmüz boğazından müharibədən əvvəl dünya neft və qaz daşımalarının təxminən 20 faizinin keçdiyi bildirilir. Bu səbəbdən bölgədə yaranan hər hansı təhlükəsizlik problemi qlobal enerji bazarlarına ciddi təsir göstərə bilər.







