BAKI,TurkicWorld,Yusif Şərifzadə
Çin Hörmüz boğazında beynəlxalq gəmiçilik üçün sərbəst və təhlükəsiz keçidin təmin edilməsinin bütün ölkələrin maraqlarına uyğun olduğunu bildirib. Pekin bu mühüm su yolunda hərəkətin beynəlxalq naviqasiya prinsiplərinə uyğun şəkildə bərpa edilməsinin vacibliyini vurğulayıb.
TurkicWorld xəbər verir ki, Çinin Xarici İşlər Nazirliyinin sözçüsü Lin Cian Pekində keçirilən mətbuat konfransında Hörmüz boğazından keçid məsələsinin düzgün şəkildə həll edilməli olduğunu bildirib. Onun sözlərinə görə, bu su yolu beynəlxalq dəniz nəqliyyatı üçün mühüm əhəmiyyət daşıyır və bütün tərəflərin maraqları nəzərə alınmalıdır.
Çinin açıqlaması ABŞ ilə İran arasında Hörmüz boğazında gəmiçilik marşrutları ilə bağlı yaranan fikir ayrılıqları fonunda səsləndirilib. Son bir həftə ərzində iki ölkə arasında qarşılıqlı hücumların baş verməsi bölgədə dəniz təhlükəsizliyi ilə bağlı narahatlıqları artırıb.
Bundan əvvəl İranın Pekindəki səfiri bildirib ki, Hörmüz boğazından keçən gəmilər üçün yeni ödənişlər tətbiq ediləcək. Lakin diplomat Çin və digər “dost ölkələr” üçün xüsusi güzəştlərin nəzərdə tutulacağını qeyd edib.
Hörmüz boğazı dünya enerji daşımaları baxımından ən mühüm dəniz keçidlərindən biri hesab olunur. Bu marşrutdan böyük həcmdə neft və qaz daşınması həyata keçirildiyi üçün bölgədə hər hansı məhdudiyyət qlobal enerji bazarlarına təsir göstərə bilər.
Ekspertlər hesab edirlər ki, boğazda hərəkətin məhdudlaşdırılması və ya yeni ödəniş mexanizmlərinin tətbiqi beynəlxalq ticarət və enerji təhlükəsizliyi baxımından ciddi nəticələr yarada bilər.







