BAKI,TurkicWorld,Yusif Şərifzadə
ABŞ Ədliyyə Nazirliyi Prezident Donald Tramp üçün Qətərin hədiyyə etdiyi yeni prezident təyyarəsi ilə bağlı təhlükəsizlik məsələlərini işıqlandıran "The New York Times" qəzetinin bir neçə jurnalistini federal böyük münsiflər heyəti qarşısında ifadə verməyə çağırıb.
TurkicWorld xəbər verir ki, qəzetin yaydığı məlumata görə, jurnalistlərə çağırış sənədləri cümə günü təqdim olunub və onlardan çərşənbə günü federal böyük münsiflər heyəti qarşısında "federal cinayət qanunvericiliyinin mümkün pozuntusu" ilə bağlı ifadə vermələri tələb edilib. Bildirilir ki, çağırış sənədləri bəzi hallarda federal əməkdaşlar tərəfindən jurnalistlərin yaşadıqları ünvanlara çatdırılıb.
Məlumata görə, çağırış sənədləri Nyu-York üzrə ABŞ prokuroru Cey Kleyton tərəfindən imzalanıb. "The New York Times" bu addımı Prezident Donald Tramp administrasiyasının müstəqil media qurumlarına təzyiq göstərmək cəhdinin növbəti mərhələsi kimi qiymətləndirib.
ABŞ Ədliyyə Nazirliyinin nümayəndəsi isə məsələ ilə bağlı çağırış sənədlərinin mövcudluğunu nə təsdiqləyib, nə də təkzib edib. O bildirib ki, administrasiyanın məqsədi jurnalistləri hədəfə almaq deyil, məxfi məlumatların sızdırılması hallarını araşdırmaqdır. Ağ ev isə məsələ ilə bağlı bütün sualları Ədliyyə Nazirliyinə yönləndirib.
Mətbuat azadlığını müdafiə edən təşkilatlar çağırış sənədlərini söz və mətbuat azadlığına təhlükə kimi qiymətləndiriblər. Milli Mətbuat Klubu Ədliyyə Nazirliyini bu qərarı dərhal geri götürməyə çağırıb. Mətbuat Azadlığı Uğrunda Jurnalistlər Komitəsi isə Cey Kleytonun namizədliyinə baxılarkən ABŞ Senatını bu məsələ ilə bağlı onu məsuliyyətə cəlb etməyə çağırıb.







