BAKI,TurkicWorld,Yusif Şərifzadə
ABŞ Konqresinin üzvü Ro Xanna bildirib ki, bu həftə işğal altındakı İordan çayının qərb sahilinə səfəri zamanı silahlı israilli məskunlaşanlar tərəfindən saxlanılıb. Onun sözlərinə görə, hadisə bölgədə tez-tez hücumların baş verdiyi cənub ərazilərindən birində qeydə alınıb.
TurkicWorld xəbər verir ki, Ro Xanna səfər etdiyi nümayəndə heyətinin avtomobilinin ABŞ istehsalı olan M4 tüfəngləri ilə silahlanmış israilli məskunlaşanlar tərəfindən mühasirəyə alındığını bildirib. Konqresmenin sözlərinə görə, onlar bu zaman dağıdıldığı bildirilən bir kəndə və məktəbə baxış keçirirdilər.
Ro Xanna iddia edib ki, silahlı şəxslər onların yolunu bağlayaraq bir müddət hərəkət etmələrinə imkan verməyiblər. O, daha sonra hadisə yerinə gələn İsrail hərbçilərinin də onları saxlamağa davam etdiyini və bu vəziyyətin qəbuledilməz olduğunu bildirib.
Konqresmenin köməkçisi Kameron Kaski isə nümayəndə heyətinin bir saatdan çox saxlanıldığını deyib. Onun sözlərinə görə, hadisə zamanı ABŞ-nin Qüdsdəki səfirliyindən kömək istənilib. Daha sonra hadisə yerinə gələn polis əməkdaşlarının müdaxiləsindən sonra nümayəndə heyəti sərbəst buraxılıb.







