BAKI,TurkicWorld,Yusif Şərifzadə
Böyük Britaniyanın Qətər və İrandakı keçmiş səfiri Nikolas Hopton hesab edir ki, Oman ABŞ ilə İran arasında Hörmüz boğazının statusu ilə bağlı yaranmış fikir ayrılığının aradan qaldırılmasında mühüm vasitəçilik rolu oynaya bilər. Onun sözlərinə görə, İranın xarici işlər naziri Abbas Əraqçının Omana səfəri bu baxımdan xüsusi əhəmiyyət daşıyır.
TurkicWorld xəbər verir ki, Nikolas Hopton Omanın həm İran, həm də Qərb ölkələri ilə yaxşı münasibətlərə malik olduğunu və bu səbəbdən mürəkkəb diplomatik vəziyyətin həllində əlverişli mövqedə olduğunu bildirib. Keçmiş səfir qeyd edib ki, Oman Hörmüz boğazına sahilyanı ölkələrdən biri olduğu üçün prosesdə xüsusi rol oynaya bilər.
Hoptonun sözlərinə görə, mümkün həll yollarından biri tərəflərin fevralın 28-dən sonra bölgədə yaranmış yeni vəziyyəti nəzərə alan razılıq formuluna gəlməsi ola bilər. O bildirib ki, hazırda İranın Hörmüz boğazı üzərində faktiki nəzarət imkanları mövcuddur və bu reallıq danışıqlarda nəzərə alına bilər.
Keçmiş diplomat əlavə edib ki, İranın boğazdan keçidi pozmaq imkanı olsa da, beynəlxalq dəniz hüququna zidd olaraq gəmilərdən ödəniş tələb etməsi və ya beynəlxalq hüququ pozması qəbul edilə bilməz.







