BAKI,TurkicWorld,Yusif Şərifzadə
Böyük Britaniyanın Qətər və İrandakı keçmiş səfiri Nikolas Hopton ABŞ ilə İran arasında imzalanmış anlaşma memorandumunda yer alan bəzi qeyri-müəyyən müddəaların tərəflər arasında fərqli şərhlərə yol açdığını bildirib. Onun sözlərinə görə, bu fikir ayrılıqları son günlər qarşılıqlı zərbələrin yenidən başlamasına təsir göstərib.
TurkicWorld xəbər verir ki, Nikolas Hopton müharibələri başa çatdıran bir çox sənədlərdə olduğu kimi, 14 bəndlik anlaşma memorandumunun da müxtəlif cür yozula biləcək müddəalar ehtiva etdiyini deyib. O bildirib ki, məhz bu qeyri-müəyyənlik tərəflərin sənədi fərqli şəkildə şərh etməsinə şərait yaradıb.
Keçmiş səfirin sözlərinə görə, əsas fikir ayrılığı memorandumun Hörmüz boğazından təhlükəsiz keçidlə bağlı 5-ci maddəsi ətrafında yaranıb. İran boğaz üzərində müəyyən nəzarət hüququnu saxladığını və gəmilərin keçidi zamanı Tehranla əlaqələndirmə aparmalı olduğunu bildirir. ABŞ isə bu məsələyə fərqli yanaşır.
Nikolas Hopton qeyd edib ki, tərəflərin bu məsələ ilə bağlı fərqli mövqeləri son günlər qarşılıqlı zərbələrin və gərginliyin artmasının əsas səbəblərindən biridir. Bununla yanaşı, o vurğulayıb ki, mövcud vəziyyət tammiqyaslı müharibəyə çevrilməyib və bu, müsbət haldır.
Keçmiş diplomat əlavə edib ki, bütün fikir ayrılıqlarına baxmayaraq, ABŞ ilə İran arasında imzalanmış anlaşma memorandumu iki ölkə arasındakı fikir ayrılıqlarını müəyyən qədər azaltmağa nail olmuş mühüm sənəd kimi qiymətləndirilməlidir.







