BAKI,TurkicWorld,Yusif Şərifzadə
Tehranda yerləşən Tətbiqi Elmlər və Texnologiya Universitetinin professoru Mustafa Xoşçeşm bildirib ki, İranın hazırkı şəraitdə danışıqlarda iştirak etməsi ölkəyə heç bir fayda vermir və əksinə, ciddi itkilərlə nəticələnə bilər. Onun sözlərinə görə, İran üçün ən vacib məsələlərdən biri Hörmüz boğazına nəzarətin qorunub saxlanılmasıdır.
TurkicWorld xəbər verir ki, professor müharibə dövründə Hörmüz boğazının bağlanmasının dünya bazarında neft qiymətlərinin kəskin artmasına səbəb olduğunu və bunun İranın əlində ən təsirli təzyiq vasitəsinə çevrildiyini bildirib. O, ABŞ Prezidenti Donald Trampın hərbi üsullarla boğazı yenidən açmağa cəhd göstərdiyini, lakin buna nail ola bilmədiyini iddia edib.
Mustafa Xoşçeşm qeyd edib ki, İran quru sərhədlərindən daha fəal istifadə etməklə yaranmış çətinliklərin təsirini azaltmağa çalışır. O bildirib ki, ölkə müxtəlif alternativ marşrutları işə salaraq iqtisadi itkiləri minimuma endirmək üçün tədbirlər görür.
Professorun sözlərinə görə, Hörmüz boğazı əsrlərdir İranın nəzarətindədir və müharibədən sonra bu vəziyyətin dəyişdirilməsi qəbuledilməzdir. O əlavə edib ki, ABŞ bu məsələdə geri addım atmayacağı təqdirdə İranın danışıqlarda iştirak etməsi mümkün görünmür.







