Son dəqiqə

Bosniya və Herseqovina tarixi 1995-ci il Bosniya müharibəsi Bosniya serb qüvvələri Ratko Mladiç Radovan Karaciç Bosniyalı müsəlman qurbanlar

Srebrenitsa soyqırımından 31 il ötür

BAKI,TurkicWorld Orxan Qədirzadə

1995-ci il iyulun 11-də Bosniya və Herseqovinanın Srebrenitsa şəhərində baş verən soyqırımı zamanı serb qüvvələri tərəfindən 8 372 bosniyalı müsəlman sistemli şəkildə qətlə yetirildi. Avropada İkinci Dünya müharibəsindən sonra baş vermiş ən ağır kütləvi qırğın hesab edilən Srebrenitsa soyqırımının bu il 31-ci ildönümü qeyd olunur.

Bosniya müharibəsinin ən qanlı faciəsi

1992-ci ildə Bosniya və Herseqovina müstəqilliyini elan etdikdən sonra ölkədə bosniyalılar, serblər və xorvatlar arasında müharibə başladı. Bosniya serb qüvvələri qısa müddətdə ölkənin bir sıra şəhərlərini nəzarətə götürdü.

1993-cü ildə Birləşmiş Millətlər Təşkilatı Srebrenitsanı "təhlükəsiz zona" elan etsə də, şəhərin mühafizəsi üçün yerləşdirilən Niderland sülhməramlı qüvvələri 1995-ci ilin iyulunda hücum edən Bosniya serb ordusunun qarşısını ala bilmədi.

Srebrenitsanın işğalı

1995-ci il iyulun 11-də general Ratko Mladiçin komandanlığı altında serb qüvvələri Srebrenitsaya daxil oldu.

Şəhər sakinlərinin bir hissəsi BMT bazasına sığınsa da, minlərlə insan meşə yolu ilə Bosniya ordusunun nəzarətində olan ərazilərə çatmağa çalışdı. Sonradan "ölüm yolu" adlandırılan marşrut boyunca çox sayda insan pusquya salınaraq öldürüldü.

BMT bazasına sığınan mülki şəxslərin böyük hissəsi də ailələrindən ayrıldı. Kişilər qadın və uşaqlardan ayrı saxlanılaraq sonradan kütləvi şəkildə edam edildi.

Beş gün davam edən soyqırımı

1995-ci il iyulun 11–16-sı tarixlərində davam edən qətliam zamanı ən azı 8 372 bosniyalı müsəlman kişi və oğlan uşağı öldürüldü.

Qətlə yetirilənlərin cəsədləri sonradan cinayətin izlərini gizlətmək məqsədilə müxtəlif kütləvi məzarlıqlarda basdırıldı. Minlərlə qadın, uşaq və yaşlı insan isə doğma yurdlarından zorla köçürüldü.

Kütləvi məzarlıqlar illər sonra aşkarlandı

Müharibədən sonra aparılan axtarışlar nəticəsində yüzlərlə kütləvi məzarlıq müəyyən edildi.

İndiyədək Potoçari Memorial Kompleksində 6 772 soyqırımı qurbanı dəfn olunub, 250 nəfər isə ailələrinin istəyi ilə digər qəbiristanlıqlarda torpağa tapşırılıb.

Bununla belə, 1 000-dən çox qurbanın cəsədinin qalıqları hələ də tapılmayıb.

Beynəlxalq məhkəmələrin qərarı

2007-ci ildə Haaqadakı Beynəlxalq Ədalət Məhkəməsi Srebrenitsada baş verən hadisələri rəsmi olaraq soyqırımı kimi tanıdı.

Keçmiş Yuqoslaviya üzrə Beynəlxalq Cinayət Tribunalı Bosniya serb ordusunun komandanı Ratko Mladiçi Srebrenitsa soyqırımı da daxil olmaqla çoxsaylı hərbi cinayətlərə görə ömürlük həbs cəzasına məhkum edib.

Bosniya serblərinin keçmiş siyasi lideri Radovan Karaciç isə Srebrenitsa soyqırımı da daxil olmaqla müxtəlif cinayətlərə görə uzunmüddətli həbs cəzası alıb.

Srebrenitsa ilə bağlı müxtəlif məhkəmə proseslərində indiyədək 45 nəfər serb təqsirləndirilərək ümumilikdə 699 il müddətinə azadlıqdan məhrum edilib, bir sıra əsas fiqurlar isə ömürlük həbs cəzası alıblar.

Srebrenitsa çiçəyi faciənin simvoluna çevrilib

Soyqırımının xatirəsini yaşadan əsas rəmzlərdən biri Srebrenitsa çiçəyi hesab olunur.

Çiçəyin 11 ləçəyi 1995-ci il iyulun 11-ni, ağ rəng günahsız qurbanları, yaşıl rəng isə ədalətə və ümidə inamı simvolizə edir.

Bu gün Srebrenitsa soyqırımı qurbanları Bosniya və Herseqovinada, eləcə də dünyanın müxtəlif ölkələrində keçirilən anım mərasimləri ilə yad edilir. Hadisə Avropanın müasir tarixində insanlığa qarşı törədilmiş ən ağır cinayətlərdən biri kimi qiymətləndirilir.