Son dəqiqə

İran Çin ABŞ neft Hörmüz boğazı Neft Qiymətləri strateji ehtiyatlar

Hörmüzdəki fasilədən əsas faydalanan ölkə Çin olub

BAKI,TurkicWorld,Yusif Şərifzadə

ABŞ və İran arasında danışıqların davam etdiyi və Hörmüz boğazında qarşıdurmanın müvəqqəti dayandığı dövrdə əsas faydalanan ölkənin Çin olduğu bildirilir.

TurkicWorld xəbər verir ki, iqtisadçı Cavid Həsənin sözlərinə görə, hərbi gərginliyin azaldığı müddətdə gündəlik əlavə 5-6 milyon barrel neft hasilat və daşınma imkanından təxminən üçdə ikisi birbaşa Çinə yönəlib.

Ekspert “Əl-Cəzirə” telekanalına bildirib ki, qalan dünya bazarları üçün isə gündəlik 2 milyon barreldən az əlavə neft həcmi qalıb.

Cavid Həsən ABŞ-nin enerji vəziyyətinin daha rahat olmadığını qeyd edib. Onun sözlərinə görə, ABŞ-nin strateji neft ehtiyatları son onilliklərin ən aşağı səviyyələrinə yaxın olaraq qalır, ölkənin əsas neft saxlama məntəqələrindən biri olan Kuşinq bölgəsində də ehtiyatlar məhduddur.

Ekspert xəbərdarlıq edib ki, Hörmüz boğazının yenidən bağlanması və bir neçə həftə ərzində gündəlik 2-3 milyon barrel neft ehtiyatının istifadəyə verilməsi zərurəti yaranarsa, neft qiymətləri 100 dollardan yuxarı qalxa bilər.

Onun fikrincə, atəşkəs yalnız vaxt qazandırıb, lakin əsas problemləri həll etməyib. Tərəflərin bu fasilədən növbəti qarşıdurma mərhələsinə hazırlıq üçün istifadə etdiyi ehtimal olunur.

Mövzuya görə xəbərlər