Son dəqiqə

ABŞ Suriya Donald Tramp Vaşinqton Dəməşq Əhməd əş-Şəraa

Vaşinqtonun Yaxın Şərq strategiyasında yeni mərhələ: Suriya terror siyahısından çıxarılır

BAKI,TurkicWorld

Amerika Birləşmiş Ştatları onilliklər ərzində Suriyaya tətbiq edilən və ölkəyə beynəlxalq investisiya axınının qarşısını ciddi şəkildə kəsən "terrorizmə dəstək verən dövlətlər" statusunu rəsmən ləğv edəcəyini açıqlayıb.

TurkicWorld xəbər verir ki, bu addım ABŞ-ın Suriyanın yeni Prezidenti Əhməd əş-Şəraaya verdiyi növbəti böyük etimad rəyi kimi qiymətləndirilir.

ABŞ Dövlət katibi Marko Rubio çoxdandır gözlənilən bu qərar barədə Konqresi rəsmən məlumatlandırıb. Konqres üzvləri tərəfindən hər hansı bir maneə yaradılmayacağı təqdirdə qərar 45 gün ərzində hüquqi qüvvəyə minəcək. Dövlət katibi qeyd edib ki, sanksiyaların ləğvi Suriyanın qlobal ticarət və investisiya imkanlarını genişləndirəcək, ölkənin yenidən qurulmasına şərait yaradacaq və Suriya xalqı üçün yeni bir səhifə açacaq.

Bu mühüm addım ABŞ Prezidenti Donald Trampın Türkiyədə keçirilən NATO sammiti çərçivəsində Suriya lideri Əhməd əş-Şəraa ilə görüşündən dərhal sonraya təsadüf edib. Xatırladaq ki, Əş-Şəraanın rəhbərlik etdiyi müxalifət qüvvələri ölkəni yarım əsr boyunca idarə edən Əsəd ailəsini devirərək hakimiyyətə gəlib. Suriyalı həmkarının ölkəni birləşdirmək istiqamətində inanılmaz bir iş ortaya qoyduğunu deyən Tramp, əvvəlki hökumətin dövründə ölkənin tam bir xaos içində olduğunu vurğulayıb.

Rəsmi Vaşinqtonun Suriya ilə yaxınlaşma və sanksiyaları mərhələli şəkildə ləğv etmə siyasəti regionda Səudiyyə Ərəbistanı və Türkiyə tərəfindən dəstəklənsə də, Suriya ərazilərinə mütəmadi hava zərbələri endirən İsrail tərəfindən narahatlıqla qarşılanır. Buna baxmayaraq, Tramp administrasiyası Suriyanın qara siyahıdan çıxarılması qərarını təsdiqləyib. ABŞ Suriyanı ilk dəfə 1979-cu ildə terroru dəstəkləyən ölkələr siyahısına daxil etmişdi.

Mövzuya görə xəbərlər