BAKI,TurkicWorld Orxan Qədirzadə
Venesuelanın müvəqqəti prezidenti Delsi Rodriges ölkədə baş vermiş dağıdıcı zəlzələlərin nəticələrinin aradan qaldırılması məqsədilə Böyük Britaniya kralı III Çarlza müraciət edərək İngiltərə Bankında dondurulmuş qızıl ehtiyatlarının ölkəyə qaytarılmasını xahiş edib.
Delsi Rodriges dövlət televiziyasına müsahibəsində bildirib ki, qızıl ehtiyatlarının geri qaytarılması ilə bağlı III Çarlza rəsmi məktub göndərib.
Onun sözlərinə görə, İngiltərə Bankında saxlanılan qızıl Venesuela xalqına məxsusdur və ölkədə baş vermiş iki güclü zəlzələnin ağır nəticələrinin aradan qaldırılması üçün istifadə edilməlidir.
Rodriges vurğulayıb ki, bu maliyyə resursları bərpa işlərinin sürətləndirilməsi, məşğulluğun artırılması, iqtisadi fəallığın canlandırılması və təhsil sisteminin yenidən qurulması baxımından böyük əhəmiyyət daşıyır.
O bildirib ki, dondurulmuş vəsaitlərin açılması məsələsini Beynəlxalq Valyuta Fondunun rəhbəri Kristalina Georgiyeva ilə telefon danışığında da müzakirə edib.
Müvəqqəti prezident qeyd edib ki, Venesuela bu təbii fəlakətin yaratdığı ağır nəticələri aradan qaldırmaq üçün kifayət qədər resurs və potensiala malikdir.
Rodriges həm yerli, həm də xarici şirkətlərə müraciət edərək zəlzələ nəticəsində dağılan yaşayış evlərinin yerində yeni mənzillərin operativ şəkildə tikintisinə başlamağa çağırıb.
Onun sözlərinə görə, yaxın vaxtlarda yenidənqurma layihələrinin həyata keçirilməsi üzrə ətraflı fəaliyyət qrafiki ictimaiyyətə təqdim olunacaq.
ABŞ son dövrlərdə Venesuelaya qarşı tətbiq etdiyi bəzi məhdudiyyətləri yumşaltsa da, ölkəyə qarşı əsas maliyyə sanksiyaları qüvvədə qalır.
Yerli KİV-in məlumatına görə, Venesuelanın xaricdə yerləşən aktivləri hələ də dondurulmuş vəziyyətdədir.
Bu aktivlərə İngiltərə Bankında saxlanılan təxminən 2 milyard dollar dəyərində qızıl ehtiyatları, eləcə də Venesuelanın dövlət neft şirkəti PDVSA-nın ABŞ-dakı törəmə müəssisəsi olan Citgo şirkətinin aktivləri daxildir.
Bundan əlavə, 113 iqtisadçı və alim ABŞ hakimiyyətini Venesuelaya qarşı tətbiq olunan sanksiyaları ləğv etməyə çağırıb.
Həmin qrup eyni zamanda Beynəlxalq Valyuta Fonduna müraciət edərək ölkənin fövqəladə vəziyyətlə mübarizə aparması üçün beynəlxalq maliyyə resurslarına çıxışının asanlaşdırılmasını istəyib.







