Son dəqiqə

ABŞ Məhkəmə İlon Mask İnvestorlar səhmlər təzminat San-Fransisko

ABŞ məhkəməsi İlon Maskın hansı tələbini rədd edib?

BAKI,TurkicWorld,Yusif Şərifzadə

ABŞ məhkəməsi milyarder iş adamı İlon Maskın X sosial şəbəkəsinin alınması prosesi ilə bağlı investorların xeyrinə çıxarılmış məhkəmə hökmünün ləğv edilməsi tələbini təmin etməyib.

TurkicWorld xəbər verir ki, Kaliforniya ştatının San-Fransisko şəhərində fəaliyyət göstərən federal hakim Çarlz Breyer İlon Maskın münsiflər heyətinin qərarını etibarsız saymaq və investorlar qrupunun kollektiv iddiasını ləğv etmək barədə vəsatətlərini rədd edib. Hakim həmçinin investorların məhkəmə qərarınadək hesablanan faizlərin ödənilməsi ilə bağlı tələbini təmin edib.

Bununla yanaşı, məhkəmə İlon Maskın mübahisə doğuran paylaşımlarından biri üzrə məsuliyyət daşımadığı qənaətinə gəlib. Hakim qərarında qeyd edib ki, hər hansı şəxs sonradan razılaşmadan peşman olsa belə, bu, investorları yanlış məlumatlandırmağa əsas vermir.

Məlumata görə, investorların vəkilləri martın 20-də çıxarılan hökmün ardından təzminat məbləğinin təxminən 2,5 milyard ABŞ dollarına çata biləcəyini bildirmişdilər. Xəbərdə həmçinin qeyd olunur ki, İlon Mask hazırda Manhettendə başqa bir məhkəmə işi ilə də üzləşib. Həmin iddiada onun X sosial şəbəkəsinə ilk sərmayəsini gec açıqlayaraq səhmləri daha aşağı qiymətə aldığı və digər investorların zərərə uğramasına səbəb olduğu iddia edilir.

Mövzuya görə xəbərlər