Son dəqiqə

İran ABŞ Suriya Donald Tramp Hizbullah Əhməd əş-Şəraa siyasəti

Suriyanın Livana hərbi müdaxilə planı varmı?

BAKI,TurkicWorld Orxan Qədirzadə

Suriya Prezidenti Əhməd əş-Şaraa ölkəsinin Livana hərbi müdaxilə etmək niyyətində olmadığını bəyan edib. O, bu açıqlamanı ABŞ Prezidenti Donald Trampın Suriyanın Livandakı proseslərə cəlb oluna biləcəyi barədə səsləndirdiyi fikirlərdən sonra verib.

Əş-Şaraa televiziya müsahibəsində bildirib ki, Suriya Livanla hərbi deyil, iqtisadi əməkdaşlıq kanallarının inkişafında maraqlıdır.

“Biz Livan və Suriya arasında hərbi deyil, iqtisadi əlaqələrin genişləndirilməsinə çalışırıq”, – deyə o vurğulayıb.

ABŞ Prezidenti Donald Tramp bazar günü verdiyi müsahibədə İsrailin Livandakı silahlı qruplaşma olan Hizbullaha qarşı mübarizəsindən narazı olduğunu bildirib. O qeyd edib ki, İsrail Hizbullahı zərərsizləşdirməkdə çətinlik çəkir və bu məsələnin Suriyaya həvalə olunmasına yaxın olduğunu düşünür.

Martın 2-də Hizbullah İranın ali dini liderinin ABŞ və İsrailin həyata keçirdiyi zərbələr nəticəsində öldürülməsinə cavab olaraq İsrail ərazisinə raket hücumları təşkil edib. Bunun ardınca İsrail Livana qarşı hava zərbələri endirib və quru əməliyyatlarına başlayıb. Beləliklə, Livan da Yaxın Şərqdə davam edən genişmiqyaslı münaqişənin bir hissəsinə çevrilib.

Bu həftə İran və ABŞ arasında bölgədəki qarşıdurmanın dayandırılmasına dair əldə olunan razılaşmaya Livan məsələsi də daxil edilib. Razılaşmadan sonra şənbə günü axşam saatlarından etibarən Livanda döyüş əməliyyatları dayandırılıb.

Fransada keçirilən Yeddilər Qrupu sammiti zamanı da Donald Tramp Hizbullaha qarşı mübarizə ilə bağlı açıqlamalar verib. O bildirib ki, əgər İsrail bunu mülki itkilər olmadan həyata keçirə bilməsə, həmin vəzifəni Suriya yerinə yetirə bilər.

Əhməd əş-Şaraa isə müsahibəsində vurğulayıb ki, Suriya ABŞ-la apardığı müzakirələr zamanı müharibənin dayandırılmasının vacibliyini önə çəkib.

Onun sözlərinə görə, problemin həlli yalnız hərbi vasitələrlə deyil, iqtisadi, siyasi və sosial mexanizmlərlə mümkün ola bilər. Prezident qeyd edib ki, Suriya ilə Livan arasında münasibətlərin bərpası və iki ölkəni birləşdirən həyati əhəmiyyətli iqtisadi əlaqələrin yenidən qurulması vacibdir.

Əş-Şaraa əlavə edib ki, bununla yanaşı həm Suriyanın, həm Livanın, həm də İsrailin təhlükəsizlik narahatlıqlarını nəzərə alan müəyyən təhlükəsizlik tədbirlərinin həyata keçirilməsi də zəruridir.

Qeyd edək ki, Hizbullah uzun illər Suriyanın keçmiş prezidenti Bəşşar Əsədin hakimiyyəti dövründə vətəndaş müharibəsində onun əsas müttəfiqlərindən biri olub. Bu səbəbdən 2024-cü ildə hakimiyyətə gələn yeni Suriya rəhbərliyi ilə Hizbullah arasında münasibətlər olduqca gərgin olaraq qalır.

Suriya 1975–1990-cı illərdə Livanda davam edən vətəndaş müharibəsinə hərbi müdaxilə etdikdən sonra onilliklər ərzində qonşu ölkədə ciddi təsir imkanlarına malik olub. Suriya qoşunları yalnız 2005-ci ildə Livanı tərk edib. Bu səbəbdən Suriyanın yenidən Livanda hərbi rol alması region üçün həssas və mübahisəli məsələ hesab olunur.

Əş-Şaraa bildirib ki, Suriyanın Livanda müsbət təsir göstərmək üçün çoxsaylı vasitələri mövcuddur, lakin bunun reallaşması ilk növbədə Livanın razılığından asılıdır.

“Suriya Livandakı daxili vəziyyətlə bağlı ciddi narahatlıq keçirir. Çünki Livanın təhlükəsizliyi və sabitliyi Suriyanın təhlükəsizliyi və sabitliyinin ayrılmaz hissəsidir”, – deyə o qeyd edib.

Hizbullah nümayəndələri ilə bir masa arxasında əyləşib danışıqlar aparıb-aparmayacağı barədə suala cavab verən Suriya Prezidenti bildirib ki, əgər bu addım Livanın maraqlarına xidmət edir və Suriyanın maraqlarını qoruyursa, buna niyə də yox deyilsin.

Donald Tramp daha əvvəl ABŞ televiziya kanalına müsahibəsində də Hizbullaha qarşı daha hədəfli əməliyyatların keçirilməsinin tərəfdarı olduğunu bildirmişdi. O qeyd etmişdi ki, ABŞ bu prosesdə yardım göstərə və ya alternativ olaraq Suriyanın imkanlarından istifadə olunmasını tövsiyə edə bilər. Tramp həmin açıqlamasında Əhməd əş-Şaraanın da bu məsələdə iştirak etməyə həvəsli ola biləcəyini söyləmişdi.

Mövzuya görə xəbərlər