BAKI,TurkicWorld,Yusif Şərifzadə
ABŞ Prezidenti Donald Tramp Fransa Prezidenti Emmanuel Makronla birgə çıxışı zamanı İranla əldə olunan razılaşmanın artıq tam imzalandığını bəyan edib.
TurkicWorld xəbər verir ki, Tramp bu açıqlamanı Yeddilər Qrupu sammitinin keçirildiyi Fransanın Evian-le-Bən şəhərində verib.
ABŞ lideri bildirib ki, razılaşma artıq hüquqi mərhələyə keçib və tərəflər sənədi imzalayıblar.
Məlumata görə, sənədi ABŞ Prezidenti Donald Tramp, vitse-prezident Cey Di Vens və İran parlamentinin sədri Məhəmməd Baqir Qalibaf imzalayıb.
Tramp çıxışı zamanı Hörmüz boğazı ilə bağlı da mühüm açıqlama verib. O bildirib ki, strateji su yolu artıq qismən açılıb və cümə gününə qədər tam şəkildə istifadəyə veriləcək.
ABŞ Prezidenti İranın nüvə silahına sahib olmayacağı ilə bağlı razılaşmada xüsusi müddəanın yer aldığını da vurğulayıb. Onun sözlərinə görə, bu şərtin icrası ciddi nəzarət mexanizmləri ilə təmin ediləcək.
Tramp sənədin mətninin yaxın zamanda ictimaiyyətə açıqlanacağını bildirib. Lakin o, razılaşmanın detalları barədə geniş məlumat verməyib.
Fransa Prezidenti Emmanuel Makron isə bildirib ki, Hörmüz boğazının açılması üzrə dəniz missiyasına Fransa və Böyük Britaniya rəhbərlik edəcək. Onun sözlərinə görə, bu prosesə təxminən 20 ölkə qoşulacaq.
Tramp İranla gələcək münasibətlərə dair nikbin danışaraq, Tehran rəhbərliyi ilə yaxşı anlaşdığını və münasibətlərin müsbət istiqamətdə inkişaf edəcəyinə ümid etdiyini bildirib.







